Prezident İlham Əliyev Münxendə bir daha Azərbaycanın öz mövqeyindən dönməyəcəyini dünyaya çatdırdı
Bakı, 21 fevral, AZƏRTAC
Prezident İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında dövlət rəsmiləri, iş adamları ilə görüşdü, müxtəlif mövzularda diskussiyalar apardı. Konfrans çərçivəsində danışıqlar və görüşlər zamanı dövlətimizin başçısı Azərbaycan Respublikasının mövqeyini bir daha ortaya qoydu.
Bunu AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə söyləyib.
Politoloqun sözlərinə görə, Prezident İlham Əliyev Münxen Konfransında bir daha göstərdi ki, Azərbaycan öz mövqeyindən dönməyəcək.
Müxtəlif təsisatlar tərəfindən Azərbaycana qarşı yönəldilən qınaqların əsassız olduğunu dilə gətirən İ.Vəlizadə deyib: “Bizi ən çox maraqlandıran Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasıdır. Ölkəmizin yürütdüyü siyasət beynəlxalq hüququn normalarına əsaslanır. Təəssüflər olsun ki, Ermənistan tərəfi öz dekonstruktiv mövqeyini davam etdirərək, feyk informasiya yayır. Biz bunu konfrans çərçivəsində keçirilən "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda bir daha gördük. Ermənistanın baş naziri əsaslı faktlar gətirmədən Laçın yolunun bağlandığını iddia etdi. Təəssüf ki, xarici qüvvələr bu feyk informasiyadan təzyiq vasitəsi kimi istifadə edirlər. Burada məqsəd Azərbaycanı öz dəst-xəttindən döndərməkdir. Təbii ki, onlar istəklərinə nail ola bilməyəcəklər”.
Politoloq qeyd edib ki, Fransa Prezidenti Makronun çıxışı bu ölkənin Azərbaycana qarşı mövqeyini hələ də davam etdirdiyini deməyə əsas verir. Makron Ermənistanın tərəfini tutaraq ölkəmizə təzyiq etməyə çalışır. Amma Avropa İttifaqında və Qərbdə Azərbaycanın da dostları az deyil. Bu ölkələr Azərbaycanın siyasətini dəstəkləyirlər.
İ.Vəlizadənin sözlərinə görə, konfransda Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü də bir daha təsdiq etdi ki, Aİ ölkəmizlə münasibətlərdə maraqlıdır. Təəssüflər olsun ki, Fransa kimi oyunçular ölkəmizin mövqeyinə təsir etmək istəyirlər. Belələri regionda sülhə və sabitliyə qarşı çıxmış olurlar.
“ABŞ-ın Dövlət katibi Antoni Blinkenlə görüş isə onu deməyə əsas verir ki, Azərbaycanın mövqeyi dünyanın super gücü tərəfindən dəstəklənir. Tədbirin gedişində Cənubi Qafqazın 3 ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistan rəhbərlərinin görüşündə sonuncu yenə də destruktiv mövqeyini ortaya qoydu. Ermənistan üçtərəfli formatdan boyun qaçırdı. Bu formatı Qərb də dəstəkləyir. Ermənistan anlayır ki, bu formatı qəbul etsə, istər-istəməz Azərbaycanın ərazi bütövlüyünü də qəbul etməli olacaq.
Təbii ki, bu ölkəyə öz mövqeyindən dönməsi üçün təzyiqlər edilməlidir. Təəssüflər olsun, biz bunu görmürük.
Münxen Konfransı onu da göstərdi ki, müəyyən dairələr tərəfindən dəstəklənən Ermənistanın dekonstruktiv mövqeyi sülhün və əmin-amanlığın qarşısında bir maneədir. Bu maneə nə qədər tez aradan qaldırılsa, region ölkələri üçün faydalı olar”, - deyə politoloq vurğulayıb.