PREZİDENT İLHAM ƏLİYEVİN PARİSƏ QARŞIDAKI SƏFƏRİ FRANSADA BÖYÜK ƏKS-SƏDA DOĞURMUŞDUR
Fransa-Azərbaycan Ticarət Palatasının fəxri prezidenti SERJ BUADVE:
- Yanvar ayının 22-də Azərbaycan Prezidenti İlham Əliyev Fransaya rəsmi səfərə gələcəkdir. Biz bu səfərdən çox böyük və müsbət nəticələr gözləyirik. Son dövrlərdə dünyanın görkəmli siyasi xadim və görkəmli dövlət xadimi Prezident Heydər Əliyev Fransaya bir neçə dəfə səfərlər etmiş, Fransa ilə Azərbaycan arasında hərtərəfli əlaqələrin möhkəm təməlini qoymuşdur. Hesab edirik ki, Prezident İlham Əliyevin hazırkı səfəri iki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirəcək, Fransa-Azərbaycan münasibətlərinin bütün sahələrdə yüksəlişinə səbəb olacaqdır.
Qafqazda həm strateji, həm də iqtisadi cəhətdən mühüm üstünlüyə malik olan Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində Fransa ilə hərtərəfli əlaqələrin inkişafında xüsusi rol oynayacaqdır.
Azərbaycan Prezidentinin Parisdə yüksək səviyyədə görüşləri olacaqdır. Onun başçılıq etdiyi nümayəndə heyəti isə bir çox nazirlər və işgüzar dairələr tərəfindən qəbul ediləcəkdir. Şəxsən mən, bu səfərdən və görüşlərdən böyük nəticələr gözləyirəm. Səfərin uğurlu keçəcəyinə, onun hər iki tərəf üçün səmərəli olacağına inanıram.
Fransanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, senator xanım JOZET DÜRYE:
- Bu, cənab İlham Əliyevin Prezident seçildikdən sonra ilk rəsmi səfəridir. Mən prezident seçkilərində müşahidəçi kimi iştirak etmiş və İlham Əliyevin inamlı qələbəsinin şahidi olmuşam. Azərbaycanın demokratik yolla inkişaf etdirilməsi, iqtisadi cəhətdən qüdrətli bir ölkə kimi nəinki Avropada, eyni zamanda bütün dünyada tanınması sahəsində cənab İlham Əliyevə ən xoş arzularımı bildirmək istəyirəm.
İnanıram ki, son dövrlərdə ölkənizdə baş verən mühüm dəyişikliklər, keçirilən islahatlar, xalqın sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş qərar və fərmanlar çox yaxşı qarşılanacaq, müsbət qiymətləndiriləcəkdir.
Hesab edirəm ki, Prezident İlham Əliyevin Fransaya səfəri çox gözəl inkişaf yolunda olan Fransa-Azərbaycan əlaqələrinin tərəqqisinə müsbət təsir edəcək, demokratik dövlət quran ölkənizin Fransada tanınması sahəsində yeni mühüm addım olacaqdır.
Mən Prezident İlham Əliyevi AŞPA-dan yaxşı tanıyıram. Dəfələrlə sessiya zamanı məntiqi çıxışlarının şahidi olmuşam. Prezident İlham Əliyev artıq dünyanın siyasət aləmində təcrübəsi, dünyagörüşü, idarəçilik keyfiyyətləri, bacarığı ilə tanınmışdır. Geniş və hərtərəfli biliyə malik Prezident İlham Əliyevin yaxın vaxtlarda Azərbaycanı varlı və qüdrətli bir ölkəyə çevirəcəyinə, işıqlı gələcəyə aparacağına, mühüm problem olan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll edəcəyinə inanıram və ona indidən xoş gəldin deyirəm.
Fransa–Azərbaycan parlament dostluq qrupunun rəhbəri JAN-LUİ DÜMON:
Prezident İlham Əliyevin Fransaya səfərinin böyük əhəmiyyəti var. Ona görə ki, bu səfər ölkələrimiz arasındakı iqtisadi, mədəni və dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi və formalaşması sahəsində İlham Əliyevin ölkəmizin başçısı cənab Jak Şirakla, rəsmi şəxslərlə və iş adamları ilə görüşlərinin yüksək səviyyədə keçməsini arzulayıram. Çünki belə görüşlərin hər iki ölkəyə böyük xeyri vardır.
Biz fransızlar Prezident İlham Əliyevin şəxsi keyfiyyətlərini, rəhbərlik bacarığını yüksək qiymətləndiririk. İnanırıq ki, məhz, bunların sayəsində o, Azərbaycanı demokratik yolla inkişaf etdirəcək, qüdrətli, varlı ölkələr sırasına çıxaracaqdır.