PREZİDENTİN İCRA APARATININ RƏHBƏRİ RAMİZ MEHDİYEVİN MƏRUZƏSİ
Xanımlar və cənablar!
Biz bu il Azərbaycanda ilk dəfə olaraq dövlət qulluqçularının peşə bayramını qeyd edirik. Məlumdur ki, Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesində dövlət qulluğunun rolu və BMT Baş Məclisinin tövsiyəsi nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə iyunun 23-ü Dövlət qulluqçularının peşə bayramı günü elan olunmuşdur.
XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası bu gün hüquqi və demokratik dövlət quruculuğu yolunda inamla irəliləyir. Hazırda müstəqil dövlətçiliyin möhkəmləndirilməsi və inkişafı sahəsində çoxşaxəli vəzifələri yerinə yetirən Azərbaycan dövləti cəmiyyətin tələblərinə uyğun olaraq, xalqımızın istək və arzularının daha çevik və səmərəli şəkildə həyata keçirilməsinə xidmət edən dövlət idarəçiliyi sisteminin formalaşdırılmasını prioritet fəaliyyət sahələrindən biri kimi diqqət mərkəzində saxlayır.
Qədim tarixə malik olan Azərbaycanın zəngin dövlətçilik ənənələri vardır. Keçdiyi tarixi yol ərzində Azərbaycanda hər bir dövrə uyğun dövlət idarəçilik sistemi təşəkkül tapmış və kadr potensialı formalaşmışdır. Lakin müasir dünyagörüşlü, yüksək təhsilli və demokratik ruhlu dövlət qulluqçularının öz imkanlarını gerçəkləşdirməsi üçün ilk real şərait Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə mümkün olmuşdur. Bir sıra tarixi səbəblər üzündən ömrünün qısa olmasına baxmayaraq, islam-türk dünyasının ilk demokratik respublikası Azərbaycanda yeni dövlət idarəçiliyi sisteminin və kadr potensialının yaranmasında öz rolunu oynamışdır. Ölkəmizdə dövlət qulluğunun inkişafında və kadrların yetişməsində sovet hakimiyyəti illərində mövcud olmuş Azərbaycan Respublikasının inkarolunmaz əhəmiyyətini də qeyd etmək zəruridir.
Xüsusilə o dövrdə Azərbaycana uzun illər rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevin gördüyü tədbirlər nəticəsində dövlət idarəçiliyi sistemində çalışan milli kadr potensialının yaradılması mümkün olmuşdur. Təsadüfi deyil ki, müstəqilliyə qovuşmuş Azərbaycan Respublikasında yeni dövlət quruculuğu proseslərini həyata keçirən Heydər Əliyev, əsasən, mövcud kadrlara arxalanmış, onların bilik və təcrübəsini yeni şəraitdən doğan müasir tələblərə uyğunlaşdıraraq, müstəqil dövlətçiliyin qorunub saxlanması və möhkəmləndirilməsi vəzifələrini uğurla həll etmiş, dövlət idarəçiliyinin varisliyini təmin edərək, müasir biliklərə yiyələnmiş gənc nəslə mənsub yeni kadr bazasının yetişməsinə və müxtəlif vəzifələrə irəli çəkilməsinə nail olmuşdur. 1991-1993-cü illərdə, yəni müstəqilliyin ilk illərində dövlət idarəçiliyi sisteminin iflasa uğraması və ağır sosial-iqtisadi böhran respublikamızı anarxiya girdabına sürükləsə də, Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti sayəsində ictimai-siyasi sabitliyi bərqərar etmək, dövlət idarəçiliyinin yeni əsaslarını formalaşdırmaq və ölkəni sabit inkişaf yoluna çıxarmaq mümkün oldu.
1995-ci ildə qəbul edilmiş Konstitusiya müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunu və idarəçilik prinsiplərini təsbit etdi. Konstitusiyanın 7-ci maddəsinə görə, Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir və qanunvericilik hakimiyyəti Milli Məclis, icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti, məhkəmə hakimiyyəti isə məhkəmələr tərəfindən həyata keçirilir. Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Yeni Konstitusiyanın qəbul edilməsi dövlət həyatının bütün sahələrini tənzimləyən zəruri qanunvericilik bazasının yaradılmasına təkan vermişdir. Dünya birliyinə hərtərəfli inteqrasiya xətti götürmüş Azərbaycanın öz qanunlarını beynəlxalq standartlara uyğunlaşdırmaq və gələcək inkişaf yolunu təmin etmək məqsədi ilə 1996-cı ildə Prezidentin Sərəncamı ilə Hüquqi İslahat Komissiyası təşkil olunmuşdur. Komissiya yeni normativ-hüquqi aktların işlənib hazırlanması sahəsində mühüm işlər görmüşdür. Bu qanunvericilik aktlarının böyük bir qismi bilavasitə dövlət idarəçiliyi sisteminin inkişafına, dövlət qulluğunun təşkilinə və təkmilləşdirilməsinə, dövlət qulluqçularının sosial müdafiəsinin təmin olunmasına yönəlmişdir. Bununla da ölkəmizdə dövlət qulluğunu tənzimləyən zəruri qanunvericilik bazası formalaşdırılmışdır. Ümumiyyətlə, 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanun imzalandıqdan sonra dövlət qulluğunun tənzimlənməsi ilə bağlı daha 23 qanun, 26 fərman, 12 sərəncam imzalanmış, müxtəlif əsasnamələr, qaydalar, nümunələr təsdiq edilmişdir.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyərək, həyata keçirilən kadr siyasətinin əsas prinsiplərini, dövlət qulluqçularının cəmiyyətdəki yerini, onların hüquq və vəzifələrini müəyyənləşdirir. Bu Qanun dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli, peşəkar və etibarlı işçi korpusunun formalaşdırılması və inkişafını stimullaşdırır. Qanunu səciyyələndirən əsas cəhətlərdən biri də ondan ibarətdir ki, o, Avropa İttifaqına daxil olan dövlətlərin tətbiq etdikləri beynəlxalq standartların başlıca prinsiplərinə uyğundur və dövlətçiliyin, idarəetmənin təkmilləşdirilməsinə öz töhfəsini verir.
Qanunun 2-ci maddəsində dövlət qulluğu anlayışının mahiyyəti belə əks olunmuşdur: “Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericilik aktlarına uyğun olaraq, dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir”.
Göründüyü kimi, dövlət qulluğu Azərbaycanın müstəqil dövlətçiliyinin möhkəmləndirilməsində, sosial-iqtisadi proqramların həyata keçirilməsində, mədəni inkişafında və bütövlükdə cəmiyyət həyatının müxtəlif sahələrinin tənzimlənməsində böyük əhəmiyyət kəsb edən fəaliyyət sahəsidir.
Dövlət qulluğunun əsas vəzifələri sırasına Konstitusiya və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul edilməsi, icrası və icraya nəzarətin həyata keçirilməsi, dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən vəzifə səlahiyyətinin yerinə yetirilməsinin təmin olunması daxildir. Yəni yuxarıda qeyd edilən vəzifələrin icrası ölkənin hər bir vətəndaşının mənafeyinə, müxtəlif sahələrə məsul olan dövlət orqanının fəaliyyətinə və ümumən, milli maraqların təmin olunmasına bilavasitə təsir göstərir.
Hüquqi dövlət, demokratik əsaslara söykənən cəmiyyət quruculuğu prosesində dövlət qulluğunun təşkili tamamilə yeni prinsiplərə əsaslanmalı, dövlətlə vətəndaş cəmiyyəti arasında fəal qarşılıqlı əlaqəni təmin etməli, inam və etimadın bərqərar olmasını, yüksək peşəkarlığı şərtləndirməlidir. Bu baxımdan qanunvericiliyə görə, dövlət qulluğunun qanunçuluq, nəzarət və hesabat verilməsi, şəffaflıq və müsabiqə, hüquq bərabərliyi, cavabdehlik və məsuliyyət prinsiplərinə əsaslanması dövlət idarəçiliyi sisteminin daha səmərəli təşkilinə və ardıcıl təkmilləşdirilməsinə xidmət edir. Belə ki, qeyd olunan prinsiplər dövlət orqanlarının qərarlarının qanuna və digər normativ hüquqi aktlara söykənməsini, görülən işin nəticəsinin subyektiv meyarlara deyil, keyfiyyətə görə qiymətləndirilməsini, işə qəbul ilə bağlı açıq proseduraların və müsabiqənin tətbiqini, qəbul edilmiş qərarlar haqqında ictimaiyyətə ətraflı məlumat verilməsini, hər hansı vəzifəni tutarkən hüquq bərabərliyinin təmin olunmasını, qulluq borcunun yerinə yetirilməsi zamanı dövlət qulluqçusunun və onun çalışdığı dövlət orqanının cavabdehlik daşımasını ehtiva edir. Eyni zamanda, belə bir mühüm cəhəti də vurğulamaq lazımdır ki, dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri üçün ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi müddəasının dövlət qulluğunun prinsipləri sırasında əksini tapması dövlət qulluqçularının öz vəzifələrini daha səmərəli şəkildə yerinə yetirməsinə və məsuliyyət hissinin artmasına ciddi təsir göstərməlidir.
Respublika Prezidenti cənab İlham Əliyev dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin və dövlət qulluğunun daha səmərəli təşkili məsələlərini daim diqqət mərkəzində saxlayır, müvafiq qurumların strukturunun təkmilləşdirilməsinə, hüquq və səlahiyyətlərinin dəqiqləşdirilməsinə, bilavasitə həyata keçirdikləri vəzifələrin konkret müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət verir.
Dövlət qulluğunu tənzimləyən normativ sənədlərdən 17 qanun, 6 fərman və 12 sərəncam bilavasitə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmışdır. Bu isə bütün digər sahələrdə olduğu kimi, ölkəmizdə dövlət idarəçiliyi sisteminin inkişafı, dövlət qulluğunun təşkili sahəsində də həyata keçirilən siyasətin yaradıcılıqla davam etdirildiyini göstərir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ni xüsusi qeyd etmək lazımdır. Həmin Fərman imzalandıqdan sonra bir sıra nazirlik və komitələrin yeni əsasnamələri və strukturları təsdiq olunmuşdur ki, bu da qeyd edilən qurumların fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması baxımından mühüm rol oynamışdır.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq olunduqdan sonra onun müddəalarını tətbiq etmək və idarəçiliyi beynəlxalq standartlara uyğun həyata keçirmək məqsədi ilə bir sıra qanun və 30-a yaxın digər hüquqi-normativ aktlar qəbul edilmişdir. Həmin qanunlar sırasında “Dövlət qulluqçularının pensiya təminatı haqqında”, “Dövlət qulluqçularının icbari sığortası haqqında”, “Dövlət qulluğunda fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Korrupsiyaya qarşı mübarizə haqqında” və dövlət qulluqçularının vəzifə maaşlarına bir sıra əlavələrin və əmsalların müəyyən edilməsi haqqında Azərbaycan Respublikasının Qanunlarını qeyd etmək olar.
Dövlət qulluğuna qəbulu şəffaflıq və müsabiqə əsasında həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən bir sıra fərmanlar imzalanmışdır. Bunlardan “Dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanlarından nümunələrin hazırlanması və qəbul edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə”, “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul qaydalarının təsdiq edilməsi barədə” fərmanları qeyd etmək olar.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş ixtisas dərəcələrinin verilməsi, artırılması, saxlanılması və rəsmiləşdirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları” təsdiq olunmuşdur. Bu Qaydalar təsdiq edildikdən sonra dövlət qulluqçularına ixtisas dərəcələri verilmiş və onların əmək haqqına ixtisas dərəcələrinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş əlavələr təyin edilmişdir.
Dövlət qulluğunun daha yaxşı təşkili və idarə olunması məqsədi ilə bir sıra xüsusi qurumlar da yaradılmışdır. Belə ki, Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının qarşısında məhz bu vəzifələr qoyulmuşdur. Bundan başqa, dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılması, dövlət qulluqçularının ixtisas dərəcələrinin artırılması və treninqlərin keçirilməsi, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmış və 2005-ci ilin iyun ayında onun Əsasnaməsi təsdiq edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyası da yüksək təhsilli, geniş profilli dövlət qulluqçularının hazırlanmasına öz layiqli töhfəsini verir. Bu gün Akademiyada 1100 nəfərdən çox tələbə 6 ixtisas üzrə təhsil alır. Akademiyanın məzunları, əsasən, dövlət strukturlarında çalışır və yaxşı mütəxəssis kimi nüfuz sahibidirlər. Dövlət və bələdiyyə idarəetməsi, menecment, beynəlxalq münasibətlər, hüquqşünaslıq və s. ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən Dövlət İdarəçilik Akademiyası dövlət qulluğunda çalışan şəxslərin ixtisasının artırılması və müasir cəmiyyətin tələblərinə uyğun zəngin bilikli mütəxəssislərin yenidən hazırlanması sahəsində də uğurla fəaliyyət göstərir. İndiyə qədər Akademiyada 600 nəfər dövlət orqanları əməkdaşları, o cümlədən rəhbər işçilər yeni ixtisas alıblar. Təkcə bu il Akademiyada 85 nəfər dövlət qulluqçusu təhsilini başa vurmuşdur.
Dövlət qulluğu sahəsində normativ-hüquqi bazanın inkişafı və təkmilləşdirilməsi işi davam edir. Dövlət qulluqçularının davranış prinsiplərini və qaydalarını müəyyən edən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanmışdır. Bu Qanunun Milli Məclisin payız sessiyasında qəbul edilməsi gözlənilir.
Son zamanlar dövlət başçısı yerli icra hakimiyyəti orqanlarının səlahiyyət dairəsinin genişləndirilməsi və məsuliyyətinin artırılması ilə bağlı bir sıra sənədlər imzalamış və bununla da qarşıda duran vəzifələrin həlli üçün onlara müvafiq şərait yaratmışdır. Cənab Prezidentin mütəmadi olaraq regionlara səfərləri, dövlət orqanlarının fəaliyyəti və sosial-iqtisadi məsələlərin həllinin gedişi ilə bilavasitə yerində tanış olması, konkret tapşırıqlar verməsi artıq ənənə halını almışdır. Hər səfərdən sonra regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlər planının hazırlanıb təsdiq edilməsi və onun icrası dövlət orqanlarının fəaliyyətinin daha yaxşı təşkil olunmasına, qüvvələrin səfərbər edilməsinə, məsuliyyətin artırılmasına və görülən işlərin səmərəsinin yüksəlməsinə ciddi təsir göstərir.
1998-ci il dekabrın 29-da Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə dövlət idarəçiliyi sistemində islahatların aparılması üzrə Dövlət Komissiyası yaradıldıqdan sonra dövlət idarəetmə mexanizminin demokratikləşdirilməsi, sərbəst bazar iqtisadiyyatı münasibətlərinə uyğunlaşdırılması və onun səmərəsinin artırılması sahəsində kompleks tədbirlər görülmüş, struktur dəyişiklikləri aparılmışdır. Hazırda Azərbaycanda ali icra hakimiyyəti orqanı funksiyasını Prezident və onun İcra Aparatı, yuxarı icra hakimiyyəti orqanı funksiyasını Prezident tərəfindən təşkil edilən Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanlarının funksiyasını isə 20 nazirlik, 10 dövlət komitəsi, Nazirlər Kabineti yanında fəaliyyət göstərən 4 xidmət və idarə həyata keçirir. Bundan başqa, bilavasitə idarəetmə funksiyasını 3 dövlət şirkəti, 1 dövlət konserni, 18 səhmdar cəmiyyəti, 5 agentlik, 2 fond, 3 dövlət komissiyası, 3 palata, Konstitusiya, Ali və Apellyasiya məhkəmələrinin aparatları, bir neçə mərkəzi idarə və xidmət, yerlərdə isə 86 şəhər və rayon icra hakimiyyəti başçılarının aparatı yerinə yetirir. İndiki dövrdə dövlət qulluğunda çalışan məmurların sayı təxminən 25 min 600 nəfərdən ibarətdir. Bu, ölkənin iş qabiliyyətli əhalisinin kiçik hissəsini təşkil etsə də, həmin sahədə çalışan qulluqçular dövlət idarəçiliyində mühüm rol oynayır, ölkənin sosial-iqtisadi inkişafı və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasətin gerçəkləşdirilməsində yaxından iştirak edirlər.
“Dövlət qulluğu haqqında” Qanuna və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na görə, dövlət orqanları və həmin orqanlardakı vəzifələr müəyyən təsnifata bölünmüşdür. Səlahiyyətlərindən asılı olaraq, dövlət orqanlarının yeddi kateqoriyası müəyyən edilmişdir. Bu orqanlarda vəzifələr isə funksiyasının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq, inzibati və yardımçı vəzifələrə bölünür. İnzibati vəzifələrin doqquz, yardımçı vəzifələrin isə altı təsnifatı müəyyənləşdirilmişdir. İnzibati vəzifələr 1-ci-7-ci kateqoriya dövlət orqanları aparatları və bölmələri rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin vəzifələridir. Yardımçı vəzifələr isə 1-ci-7-ci kateqoriya dövlət orqanlarında texniki işləri həyata keçirən mütəxəssislərin vəzifələridir.
Qəbul edilmiş normativ hüquqi aktlarda dövlət qulluqçularının əsas vəzifə və hüquqları, təminat və məsuliyyəti öz əksini tapmışdır. Dövlət qulluqçuları qanunvericiliyin və qəbul olunmuş başqa normativ hüquqi sənədlərin icrasını təmin etməli, rəhbərlərin öz səlahiyyəti çərçivəsində verdikləri əmr və göstərişləri yerinə yetirməli, dövlət orqanlarında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli, başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli, habelə öz fəaliyyətində qanunvericiliklə müəyyən olunmuş digər normaları rəhbər tutmalıdırlar.
Dövlət qulluqçularına həvalə olunmuş vəzifələrin lazımi şəkildə yerinə yetirilməməsi, eləcə də qanunun tələblərinin pozulması onlara qarşı müxtəlif intizam tənbehi tədbirlərinin tətbiqinə səbəb ola bilər.
Hər bir dövlət qulluqçusu öz fəaliyyətində yüksək peşəkarlığı, dövlətçiliyə və milli mənafelərə sədaqəti əsas tutmaqla yanaşı, mənəvi saflığı, humanizm və sosial-ədalət, xalqa xidmət prinsiplərini ön plana çəkməlidir. Unutmaq olmaz ki, dövlət qulluqçularının öz vəzifəsinə münasibəti, əxlaqi-mənəvi keyfiyyətləri hakimiyyət orqanlarının nüfuzunun formalaşmasına bilavasitə təsir göstərir, dövlət idarəetmə mexanizminin səmərəli fəaliyyəti və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün mühüm amil rolunu oynayır.
Müasir dövrdə demokratik, hüquqi dövlət quruculuğunun mürəkkəb vəzifələrinin həlli prosesində bütün cəmiyyətin potensial qüvvəsinin səfərbər olunması, dövlət və xalq arasında yaranmış inam və etimadın daha da möhkəmləndirilməsi aktual olaraq qalır. Buna görə də açıq cəmiyyət quran Azərbaycanda hər bir dövlət qulluqçusu öz məsuliyyətini dərindən dərk etməli, vəzifə borcunu ləyaqətlə yerinə yetirməli, atdığı hər addımla, gündəlik həyat tərzi ilə digərlərinə nümunə olmalı və dövlət hakimiyyətinin yüksək imicinin formalaşmasına öz töhfəsini verməlidir.
Dövlət qulluqçusu peşəkarlıq səviyyəsini artırmaq üçün daim çalışmalı, vətəndaşların müraciətlərinə böyük həssaslıqla yanaşmalı, mədəni davranışı, əxlaqi keyfiyyətləri ilə onların rəğbətini qazanmalıdır. Qərarların qəbul edilməsində və həyata keçirilməsində dövlət və vətəndaş maraqları uzlaşdırılmalı, qanunçuluğa əməl olunması ilə yanaşı, humanizm və mənəvi-əxlaqi dəyərlərə hörmət və sədaqət nümayiş etdirilməlidir.
Dövlət orqanlarında işə qəbul olunmaq, orada hər hansı vəzifə tutmaq həm böyük şərəf, həm də yüksək məsuliyyətdir. Dövlət qulluqçusu olmaq, əslində, dövlətin və xalqın xidmətində olmaq, vətəndaşların problemlərinin həllinə kömək göstərmək, ölkənin inkişafı üçün bütün bilik və bacarığını səfərbər etmək deməkdir. Bu baxımdan ümummilli liderimiz Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu, çalışdığı bütün vəzifələrdə öz ölkəsi və xalqı üçün gördüyü işlər öyrənmək və həyatda tətbiq etmək üçün ən yaxşı nümunədir. Bütün mənalı ömrünü Azərbaycanın tərəqqisinə həsr etmiş bu müdrik insanın rəhbər vəzifə tutan şəxslərə qarşı tələbkarlığı, onların işgüzarlığı və prinsipiallığı, mənəviyyatca saflığının təmin olunması üçün göstərdiyi fəaliyyət respublika əhalisi tərəfindən həmişə böyük rəğbətlə qarşılanmışdır. İstər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev cəmiyyətin bütün təbəqələri tərəfindən qanunun müqəddəs tutulmasını, xüsusən dövlət orqanlarında çalışan şəxslərin qanunların aliliyinə dönmədən əməl etməsini əsas tələb kimi irəli sürür, biganəliyə, süründürməçiliyə, rüşvətxorluq və korrupsiyaya qarşı mübarizədə öz prinsipial mövqeyindən heç vaxt geri çəkilmirdi.
Heydər Əliyev öz mövqeyini belə ifadə edirdi ki, “sağlam mənəviyyat... bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan nə qədər yaxşı işləyirsə işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir. Bizim tələbimiz isə qanundur, qanunun aliliyidir. Mənəviyyatın da hamısı qanunun içərisindədir”.
Bu gün ölkəmizdə dinamik xarakter almış ictimai-siyasi və iqtisadi dəyişikliklərin ruhuna uyğun olaraq həyata keçirilən islahatların səmərəliliyini artırmaq məqsədi ilə dövlət qulluğu və kadr siyasətinin təkmilləşdirilməsi sahəsində yüksək tələblər irəli sürülür və ardıcıl tədbirlər görülür. Azərbaycan Prezidentinin hər bir vəzifəli şəxs və dövlət qulluqçusu qarşısında qoyduğu əsas tələb xalq və dövlətçiliyə sədaqətlə xidmət, vətəndaşların bütün müraciətlərinə diqqətli yanaşma, təşəbbüskarlıq, problemlərin həlli üçün mövcud imkanlardan maksimum istifadə etməkdən ibarətdir. İctimaiyyətlə çoxsaylı görüşlərində və müxtəlif çıxışlarında bu tələbləri dönə-dönə vurğulayan cənab İlham Əliyev demişdir: “Prezident başda olmaqla bütün məmurlar xalqın xidmətçiləridir. Bizim vəzifəmiz ondan ibarətdir ki, xalqa xidmət edək, xalqla birlikdə olaq, xalqın qayğıları ilə yaşayaq. Mən buna çalışmışam, bundan sonra da çalışacağam, heç kim və heç nə məni bu yoldan döndərə bilməz”.
Azərbaycan Prezidentinin işə münasibəti, konkret tapşırıq və tövsiyələri hər bir dövlət qulluqçusu tərəfindən fəaliyyət prinsipi kimi qəbul olunmalı, xalqa xidmət nümunəsi olaraq örnək rolu oynamalıdır. Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində bu meyarlar əsas götürülməlidir. Öz fəaliyyətini bu prinsiplərə uyğun quran dövlət qulluqçuları müstəqil dövlətçiliyimizin möhkəmlənməsinə və xalqımızın rifah halının daha da yüksəlməsinə layiqli töhfə verə bilərlər.
Diqqətinizə görə sağ olun.
X X X
Sonra Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev çıxış etdi.