CƏMİYYƏT
Qaçay Abdullayev: Qanımı bu torpaq uğrunda tökdüyümə görə xoşbəxtəm...

Bakı, 28 iyul, AZƏRTAC
Vətən müharibəsinin ilk günündən döyüş əməliyyatlarında iştirak etmişəm, Talış kəndinin erməni hərbi birləşmələrindən təmizlənməsi əməliyyatından sonra oktyabrın 5-də Suqovuşan uğrunda döyüşlərdə yanımıza düşən minomyot mərmisinin partlaması nəticəsində sağ ayağımı dizdən aşağı və sol qulağımın eşitmə qabiliyyətini itirdim. Lakin döyüş yoldaşlarım düşmənə layiqli cavab verərək Vətən torpağını azad etdiklərinə, əbədi və əzəli torpağımıza qayıtdığımız üçün çox qürurluyam. Qanımı bu torpaq uğrunda tökdüyümə görə çox xoşbəxtəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Ordunun giziri Qaçay Abdullayev deyib.
Əslən Şəkidən olan Vətən müharibəsi qazisi 13 il Milli Ordu sıralarında xidmət edib. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə göstərdiyi fədakarlıq nümunəsi 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə və “Laçının azad edilməsinə görə” medalına layiq görülüb.
Protez Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində yüksək texnologiyalı aşağı ətraf protezi ilə təmin edilən Qaçay ona göstərilən diqqət və qayğıya minnətdarlığını ifadə edib: “Bir həftədir protezlə gəzirəm, çox yaxşıdır. Rahat hərəkət edə bilirəm. Sol qulağımın da müalicəsi aparılır, eşitmə qabiliyyətimdə yaxşılaşma var. Ümid edirəm ki, sağlamlığım bərpa olunandan sonra uğrunda döyüşüb qan tökdüyümüz torpaqların ziyarətinə gedəcəyəm”.