QAÇQIN QADINLAR ÜÇÜN HÜQUQ KURSLARI
Azərbaycan Gənc Hüquqşünaslar Birliyi “Azərbaycanda və Şimali Qafqazda qaçqınların hüquqlarına, qaçqın qadınlar və məcburi köçkünlər üçün gender siyasəti məsələlərinə dair qanunvericilik sahəsində hüquqi biliklərin yayılması” layihəsinin reallaşdırılmasına başlamışdır. Birlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Qaçqınlarla İş üzrə Danimarka Şurasının Azərbaycandakı nümayəndəliyinin maliyyə yardımı ilə həyata keçirilən layihənin gedişində insan hüquqları, milli qanunvericilikdə və beynəlxalq hüquqi sənədlərdə qadın hüquqlarının öz əksini tapması, ailədə zorakılıq mövzularında hüquq kursları təşkil olunmuşdur. İlk məşğələdə Çeçenistandan, Pakistandan, ərəb ölkələrindən olan qaçqın qadınlar iştirak etmişlər. Məşğələdən sonra onlara hüquq məsələlərinə aid ədəbiyyat təqdim olunmuş, pulsuz hüquq məsləhətləri verilmişdir.
Layihə çərçivəsində “Öz hüquqlarınızı qoruyun!” mövzusunda kitabçalar da buraxılacaqdır.