Qaçqınkom məcburi köçkünlərin məskunlaşdıqları binalarda baş verən yanğınlarla bağlı məlumat yayıb
Bakı, 18 fevral, AZƏRTAC
Fevralın 18-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində məcburi köçkünlərin məskunlaşdıqları birmərtəbəli taxta konstruksiyalardan ibarət tikilidə və Neft-Energetika Kollecinin Sabunçu rayonundakı Bakıxanov qəsəbəsində yerləşən yataqxanasının üçüncü mərtəbəsində yanğın baş verib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində Xəzər rayonunun Buzovna qəsəbəsindəki tikilidə 7 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı müəyyən edilib. Onlardan 3-ü Laçın, 4-ü Xocalı rayonundan məcburi köçkündür.
Bakıda Dövlət Komitəsinin balansında olan xüsusi təyinatlı yaşayış sahələrində hazırda boş mənzil olmadığı üçün həmin ailələrə regionlarda mənzil təklif edilib. Eyni zamanda, yanğın baş vermiş tikilidə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü onların nəzərinə çatdırılıb.
Neft-Energetika Kollecinin Bakıxanov qəsəbəsindəki yataqxanasının üçüncü mərtəbəsində baş vermiş yanğın zamanı Ağdam rayonunun Abdal kəndindən məcburi köçkün Elşən Xəlilovun yaşayış sahəsinə ziyan dəyib. Digər yaşayış sahələri yanğından mühafizə olunub.
Dövlət Komitəsinin nümayəndələri hadisə yerində olub, yaşayış sahəsinə baxış keçiriblər. Burada qısa müddətdə təmir-bərpa işlərinin aparılması qərara alınıb.
Hər iki yanğının başvermə səbəbləri FHN tərəfindən araşdırılır və dəymiş ziyan müəyyənləşdirilir. FHN-in araşdırmasından sonra yekun rəy veriləcək və onun əsasında müvafiq hüquqi addımlar atılacaq.