“QADIN DÜNYASI - GÖZƏLLİK VƏ SAĞLAMLIQ” BEYNƏLXALQ FESTİVALININ AÇILIŞ MƏRASİMİ OLMUŞDUR
Gənclər və İdman Nzirliyinin, Səhiyyə Nazirliyinin, “Placard”, “Fleksible Solutions” və “Qazelli” firmalarının təşkilatçılığı ilə keçirilən festivalda İtaliyadan, Fransadan, Almaniyadan, Rusiyadan 20 firma, eləcə də bizim parfyumeriya firmaları, “Sabina” mağazalar şəbəkəsi və başqaları, kosmetoloq və sağlamlıq mərkəzləri iştirak edirdilər.
İştirakçılar arasında ölkəmizdə ilk kosmetik firma olan “Qazelli”nin məhsulları daha çox maraq doğururdu. Firmanın nümayəndəsi Elnur Məmmədov bildirdi ki, onların təqdim etdikləri nümunələr əsasən təbii yerli məhsullardan hazırlanır. Cenevrədə, Praqada və başqa xarici ölkələrdə keçirilən sərgilərdə “Qazelli” bir neçə dəfə diplom, qızıl medal almışdır. Firma məhsullarını beynəlxalq bazarlara da göndərir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova festivalın təşkilatçılarına və iştirakçılarına minnətdarlıq etdi. Bildirdi ki, bizim qadınlarımız ölkəmizin ictimai həyatında böyük rol oynayırlar, işləyirlər, uşaq böyüdüb tərbiyə edirlər, bununla yanaşı, öz gözəlliklərinin də qayğısına qalmağı unutmurlar, həmişə gözəl görünməyə çalışırlar. Ümummilli liderimiz Heydər Əliyev cəmiyyətimizdə qadının rolunu yüksək qiymətləndirmişdir. Onun yolunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev 2006-cı ildə “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzalamışdır.
Səhiyyə nazirinin müavini Sənan Kərimov da festival iştirakçılarını salamlamışdır.
Azərbaycanın incəsənət ustaları festival iştirakçıları qarşısında konsert proqramı ilə cıxış etmişlər.
Sonra iştirakçılar bölmələrdə təqdim olunan məhsullarla tanış olmağa başladılar.
Festival oktyabrın 7-də davam edəcəkdir.