QADIN SAHİBKARLIĞININ PROBLEMLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Əvvəlcə konfransın iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə tər çiçəklər düzülmüşdü. Mərasim iştirakçıları Şəhidlər xiyabanına gəlmiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə güllər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Mehmanxananın foyesində qadın sahibkarlığının müvəffəqiyyətlərini əks etdirən sərgi maraqla qarşılanmışdır.
Konfransın ümumi iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, iqtisadi inkişaf naziri Heydər Babayev, Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadə, Milli Məclisin deputatı Qənirə Paşayeva, Qadın Sahibkarları Assosiasiyasının prezidenti Vəfa Əfəndiyeva, Avropa Yenidənqurma və İnkişaf Bankının Bakıdakı nümayəndəliyinin başçısı Reymond Konvey və başqaları ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi iqtisadi islahatlardan, sahibkarlığın inkişafı üçün yaradılan şəraitdən, qadın sahibkarların iqtisadiyyatın inkişafında rolundan, onların mövcud problemlərindən danışmışlar.
Çıxışlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlara dövlət və qeyri-dövlət bank sistemlərindən, müxtəlif beynəlxalq yardım fondlarından güzəştli, uzunmüddətli mikrokreditlərin verilmə mexanizminin sadələşdirilməsi təklif olunmuşdur.
Tədbir iştirakçılarının Prezident İlham Əliyevə müraciəti oxunmuşdur.
Fasilədən sonra konfrans işini işçi qruplarda davam etdirmişdir. Keçirilmiş müzakirələrin nəticələri əsasında hazırlanmış yekun sənədin müvafiq dövlət strukturlarına göndərilməsi qərara alınmışdır.