Qadın voleybolçuların Yüksək Liqasının qalibləri mükafatlandırılıblar VİDEO
Bakı, 19 aprel, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Dövlət Gömrük Komitəsinin sədri, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov iştirak ediblər.
Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov Yüksək Liqada çıxış edən bütün idmançılara federasiya adından təşəkkürünü bildirib. Qeyd edib ki, çempionat boyu komandalar əzmkar mübarizə aparıblar və maraqlı oyunlar nümayiş etdiriblər. O, hər bir komandanı, xüsusilə finalda qalib gələn “Turan”ı təbrik edib.
Ş.Bağırov ölkəmizdə idmanın daim inkişafda olmasını sevindirici hal kimi dəyərləndirib və bu nailiyyətlərin dövlət dəstəyinin nəticəsi olduğunu söyləyib: "Bu dəstəyə görə də ölkə rəhbərliyinə minnətdarlığımızı bildiririk. Yaradılan şərait sayəsində voleybol inkişaf edir, yeni oyunçular yetişir və komandaların sayı artır".
AVF rəhbəri Gənclər və İdman Nazirliyinə, eləcə də aidiyyəti qurumlara, azarkeşlərə, media nümayəndələrinə və sponsorlara dəstəklərinə görə təşəkkür edib.
O, bir daha bütün komandaları təbrik edib, idmançılara uğurlar arzulayıb.
Sonra liqanın ən yaxşı oyunçuları və rəmzi komandası açıqlanıb.
Qadın voleybolçular arasında Yüksək Liqada fərqlənən oyunçular:
“Ən dəyərli oyunçu” (MVP) – Marta Drpa ("Turan")
“Ən gənc və perspektivli oyunçu” – Xədicə Seyidli (“Abşeron”)
Rəmzi komanda:
“Ən yaxşı toppaylayıcı” – Natalia Gajevska ("DH Volley")
“Ən yaxşı hücumçu” – Danijela Dzakovic (“Milli Aviasiya Akademiyası”)
“Ən yaxşı hücumçu” – Alla Alekumova (“DH Volley”)
“Ən yaxşı libero” – Joseline Landeros (“Turan”)
“Ən yaxşı orta oyunçu”– Ayşən Abduləzimova (“Turan”)
“Ən yaxşı orta oyunçu”– Melissa Randel (“Gəncə”)
“Ən yaxşı diaqonal oyunçu” - Katerina Jidkova (“DH Volley”)
AVF-nin vitse-prezidenti Bəhruz Quliyev və baş katib Faiq Orucov çempionatda fərqlənən voleybolçulara “Ən yaxşı oyunçu” mükafatlarını təqdim ediblər. Avropa Voleybol Konfederasiyasının İdarə heyətinin üzvü, AVF prezidentinin müşaviri Cəlil Cəfərov Yüksək Liqa oyunlarının keçirilməsində göstərdiyi dəstəyə görə GİN-in Voleybol Mərkəzinə təşəkkürnamə təqdim edib.
Daha sonra ilk üç yerin sahibləri - "Turan", "DH Volley" və "Gəncə" voleybol klubları müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif olunublar.
Medalları isə müvafiq olaraq “Turan” voleybol klubunun prezidenti Həsən Zeynalov, “Demirören Yatırım Holdinq”in prezidenti Yıldırım Demirören və Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev təqdim ediblər.
O cümlədən gənclər və idman naziri Fərid Qayıbov və AVF-nin prezidenti Şahin Bağırov tərəfindən qalib komandaya - "Turan" voleybol klubuna Yüksək Liqanın kubokunu təqdim olunub.