QADIN YAZARLAR BİRLİYİNİN YIĞINCAĞI KEÇİRİLMİŞDİR
Yığıncağı AYB-in katibi, xalq şairi Fikrət Qoca açmış, qadınların fəaliyyətini müsbət qiymətləndirərək, onlara uğurlar arzulamışdır. O, dünyanın heç bir yerində QYB-nin olmadığını, ilk dəfə Azərbaycanda fəaliyyət göstərdiyini və bu fəaliyyətin qənaətbəxş olduğunu söyləmişdir.
QYB-nin sədri şair Nüşabə Məmmədli bu təşkilatın 2005-ci il mayın 6-dan etibarən təsis olunduğunu, bir il ərzində çox işlər görüldüyünü və AYB-in dəstəyini hər an hiss etdiklərini qeyd etmişdir. O demişdir ki, QYB yaradılmasından az müddət keçsə də görkəmli qadın yazarların yubileylərini keçirmiş, qadın şair və yazıçıların adına mükafatlar təsis etmişdir.
N.Məmmədli onu da qeyd etmişdir ki, təşkilat ədəbiyyatımızda qəhrəmanlıq mövzusunda yazılmış əsərlərə “Büllur qələm” mükafatı təsis etmişdir. Qadın şair və yazıçıların təklifi ilə milli mənəvi dəyərlərimizə verdiyi yüksək qiymət və qayğıya görə həmin mükafatın Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya təqdim olunması qərara alınmışdır.
Çıxış edən sairlər Kəmalə Ağayeva, Rüzgar Əfəndiyeva, Firuzə Məmmədli, Nurəngiz Gün qadın sənətkarların cəbhə bölgələrinə, məhkum qadınların saxlanıldığı müəssisələrə daha tez-tez getmələrini arzulamışlar. Gənc şairlər Xatirə Fərəcli, Zərəngiz Dəmirçi Qayalı, Südabə Sərvi, Rəfiə Şəmsi və başqaları bu cür məclislərin əhəmiyyətini qeyd edərək, ədəbiyyatımızın inkişafına qadınların da öz töhfəsini vermək istədiklərini bildirmiş, həmin yolda onlara dəstək ola biləcək bu təşkilata uğurlar arzulamışlar.