Qahirədə Azərbaycanın daha geniş tanıdılması ilə bağlı tədbir keçirilib
Bakı, 19 fevral, AZƏRTAC
Qahirədə Azərbaycanın Misir ictimaiyyətində daha geniş tanıdılması ilə bağlı tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, paytaxt Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən Azərbaycanın daha geniş tanıdılması məqsədilə təşkil olunan tədbirdə çıxış edən Cəmiyyətin sədri, tədqiqatçı-alim Seymur Nəsirov qonaqlara Misir ilə Azərbaycan arasında mövcud mədəni əlaqələrin tarixi barədə ətraflı məlumat verib.
Sonra əl-Əzhər Universitetinin azərbaycanlı tələbələri Şeyxəli Nəsirov və Rahidə Nəsirli Azərbaycan haqqında hazırladıqları təqdimatla çıxış ediblər.
Təqdimatlarda qeyd edilib ki, müxtəlif sivilizasiyaların qovşağı sayılan Azərbaycanda əsrlər boyu milli-mədəni rəngarənglik mühiti mövcud olub, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Tədbir iştirakçılarına Azərbaycanın dövlət atributları, milli valyutası, ərazisi, həmçinin ölkəmizin güclü iqtisadiyyatı, zəngin yeraltı və yerüstü sərvətləri, təbiəti, tarixi abidələri, dünyaca məşhur müasir tikililəri, mətbəxi, qədim adət-ənənələri, milli rəqsləri, geyimləri və xalçaçılıq sənəti barədə geniş məlumat verilib.
Tədbirdə, həmçinin qonaqların diqqətinə Azərbaycanın müxtəlif regionlarının təbii-coğrafi şəraiti, zəngin flora və faunası, qədim mədəniyyət beşiyi sayılan Şuşa şəhəri, ölkəmizin görkəmli yazıçıları, alimləri, siyasətçiləri haqqında məlumatlar çatdırılıb.
Misir-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayan misirli general Midhət Camal tədbir iştirakçılarını bu gözəl diyara - Azərbaycana səyahət etməyə dəvət edib. Yerli ictimaiyyət nümayəndələri ilə yanaşı, 10 xarici ölkənin təmsilçilərinin də iştirak etdiyi tədbirin sonunda qonaqlara milli Azərbaycan şirniyyatları təqdim olunub.