Qala qəsəbəsində tullantıların yığılması və daşınması müasir standartlara uyğunlaşdırılır
Bakı, 31 may (AZƏRTAC). Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan “Təmiz Qala” layihəsi “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən uğurla həyata keçirilir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, layihənin məqsədi Qala qəsəbəsində tullantıların yığılması, daşınması və utilizasiyası prosesini müasir standartlara uyğun təşkil etməkdir.
Əhalinin tullantıların idarə olunması sahəsində məlumatlılığının artırılması və çeşidləmə prosesində fəal iştirakını təmin etmək üçün təşviqat və maarifləndirmə tədbirləri davam etdirilir. Artıq “Təmiz Şəhər” ASC “Eko-Real” təşkilatı ilə birgə növbəti maarifləndirmə proqramı üzrə layihəyə başlamışdır. Layihə çərçivəsində il ərzində Qala qəsəbəsinin orta məktəb şagirdləri üçün seminarlar, Balaxanı tullantı poliqonuna, həmçinin yandırma və çeşidləmə zavodlarına ekskursiyalar və iməciliklər təşkil ediləcəkdir.
Layihə çərçivəsində ilk görüş keçirilmişdir. Görüşdə yerli sakinlər, bələdiyyə nümayəndələri və gənc ekoloqlarla yanaşı, media nümayəndələri də iştirak etmişlər. Görüşdə qurumun fəaliyyəti, həmçinin Qala qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan tullantıların idarə olunması sisteminin müasir standartlara uyğun qurulması sahəsində görülən işlər, planlaşdırılmış fəaliyyət və əhalinin bu prosesdə rolu barədə məlumat verilmiş, qəsəbə sakinlərini maraqlandıran suallar cavablandırılmışdır.