İQTİSADİYYAT
QALİBLƏR MARTIN 31-DƏ BİLİNƏCƏKDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi 31 Mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş sərgi-müsabiqə keçirir.
Komitədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, sərgi-müsabiqəni keçirməkdən məqsəd xalqımızın zaman-zaman üzləşdiyi faciələri qrafika və rəngkarlıq janrlarında yüksək peşəkarlıqla əks etdirən təsviri sənət əsərlərini üzə çıxarmaq və onları gələcəkdə müxtəlif ölkələrdə nümayiş etdirməkdir. Əsərlərin qəbulu martın 25-də başa çatacaqdır. Martın 31-də isə Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun başçılıq etdiyi münsiflər heyəti Səttar Bəhlulzadə adına sərgi salonunda qalibləri elan edəcəkdir. Sərgi-müsabiqənin qaliblərinə hər janr üzrə birinci yerə görə 1 milyon 500 min, ikinci yerə görə 1 milyon, üçüncü yerə görə 500 min manat, həmçinin hər biri 250 min manat olan 6 həvəsləndirici pul mükafatı veriləcəkdir.