Qanlı Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Qarsda anma mərasimi keçirilmişdir
Bakı, 21 yanvar (AZƏRTAC). Qanlı Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Azərbaycanın Qarsdakı baş konsulluğu tərəfindən anma mərasimi keçirilmişdir.
Baş konsulluqdan AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri açan baş konsul Ayxan Süleymanov 20 Yanvar faciəsinin tarixindən, milli azadlıq mübarizəsinə qalxmış xalqımızın ermənilərin qəsbkarlıq siyasətinə qarşı nümayiş etdirdiyi dinc etirazına sovet rejimi və onun rəhbərləri tərəfindən qanlı divan tutulmasından danışmışdır. Bu qanlı qırğının dəhşətlərindən danışan diplomat ümummilli liderimiz Heydər Əliyevin bütün təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş cinayətdə M.Qorbaçov başda olmaqla Sovet İmperiyası rəhbərliyini günahlandırmasından bəhs etmişdir.
A.Süleymanov, həmçinin 1990-cı il yanvarın 20-də baş vermiş faciədən sonra Türkiyənin müxtəlif bölgələrində, o cümlədən Qars və İğdır vilayətlərində keçirilən etiraz aksiyalarına və mitinqlərə görə Türkiyə dövlətinə və türk xalqına təşəkkürünü bildirmiş, bunu yüksək qiymətləndirmişdir.
Sonra 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar film təqdim edilmişdir.
Daha sonra mərasim iştirakçıları baş konsulluq tərəfindən təşkil edilmiş fotostend ilə tanış olmuşlar.
Mərasimdə Qars valisinin müavini, Qars şəhər bələdiyyəsinin sədr müavini, Ədalət və İnkişaf (AKP), Milliyyətçi Hərəkat (MHP), Cümhuriyyət Xalq partiyalarının (ÇHP) üzvləri və vilayət təşkilatlarının rəhbərləri, Qars vilayəti hüquq mühafizə orqanlarının rəhbərləri, Qafqaz Universitetinin rəhbərliyi, professor-müəllim heyəti, burada təhsil alan tələbələr, KİV-lərin və yerli ictimaiyyətin nümayəndələri iştirak etmişlər.