“Qarabağ irsi: mədəniyyət, memarlıq, incəsənət” - beynəlxalq elmi konfrans
Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 20-də AMEA Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutun təşkilatçılığı ilə “Qarabağ irsi: mədəniyyət, memarlıq, incəsənət” mövzusunda III beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı açan AMEA Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədr müavini akademik Teymur Kərimli “Heydər Əliyev İli" çərçivəsində AMEA-nın elmi müəssisə və təşkilatlarında ardıcıl olaraq tədbirlər keçirildiyini və Ulu Öndər haqqında dəyərli kitablar nəşr edildiyini diqqətə çatdırıb. Akademik tədbirin Qarabağın mədəni, memarlıq və incəsənət irsinin tədqiqi baxımından əhəmiyyətini qeyd edib.
Teymur Kərimli Qarabağ irsinin tədqiqi istiqamətində görülən işlərdən ətraflı bəhs edib. Yaradıcı insanların, görkəmli şəxsiyyətlərin məhz Qarabağ torpağında yetişdiyini vurğulayıb.
İnstitutun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə qeyd edib ki, mədəniyyətin beşiyi olan Qarabağda incəsənətin bütün sahələri üzrə zəngin köklərə malik sənət nümunələri mövcuddur. Memarlıq, musiqi, ümumilikdə incəsənət sahəsində bu bölgənin aşkar olunmuş uğurlu tədqiqat işləri elmə məlumdur. Mədəniyyət və incəsənət sahəsində Qarabağ irsinin, o cümlədən abidələrin, müxtəlif sənət nümunələrinin, musiqinin tədqiqi sahəsində əldə olunan nailiyyətlərə, ümumilikdə mədəniyyət tariximizə qarşı ermənilər saxtakar fikir yürüdüb, hər zaman məkrli niyyətlərini həyata keçirməyə çalışıblar. Lakin Azərbaycan alimləri tərəfindən bu yöndə cavab tədbirləri kimi müəyyən addımlar atılır.
Tədbirdə Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov “AMEA rəssamlarının yaradıcılığında (Azərbaycan) Qarabağ mövzusu”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Gülrəna Mirzə “XIX əsrdə Qarabağın təsviri və tətbiqi sənətləri”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyev “Qədim Qarabağ mədəniyyətində bədən üstündəki təsvirlər”, Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru dosent Ülkər Talıbzadə “Azərbaycan bəstəkarlarının yaradıcılığında Zəfər mövzusu”, Şəhərsalma şöbəsinin müdiri dosent Samirə Abdullayeva “Zəfər yolu - şəhər və yaşayış məskənlərinin yenidən qurulması” adlı məruzələrlə çıxış ediblər.
Konfransda, həmçinin xarici ölkələri təmsil edən alimlərin - Özbəkistandan Akilova Kamolanın “Türk-səlcuq incəsənətinin insan obrazının təkamülü probleminə dair”, Rusiyadan Axmadullin Marsın “Rusiyanın türk xalqlarının yığma şriftləri” adlı məruzələri dinlənilib.