QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİ VƏ ŞƏHİD AİLƏLƏRİNƏ MƏNZİLLƏR VERİLMİŞDİR
Aprelin 18-də Beyləqan rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 24 mənzilli bina istifadəyə verilmişdir.
Sakinlər bu münasibətlə buraya gələn Azərbaycan Prezidenti İlham Əliyevi hərarətlə qarşıladılar.
Dövlətimizin başçısı mənzillərin orderlərini sahiblərinə təqdim edərək, onları təbrik etdi.
Sakinlər adından çıxış edən SALEH ŞIXƏLİYEV dedi:
-Cənab Ali baş komandan, Sizə cansağlığı, uzun ömür diləyirik. Bizə 24 mənzilli bina hədiyyə etdiyinizə, şəhid ailələrini və Qarabağ müharibəsi əlillərini sevindirdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk.
Biz beyləqanlılar qarşıdakı seçkilərlə bağlı öz seçimimizi etmişik. Cənab Ali baş komandan, bizim əbədi Prezidentimiz Sizsiniz. Biz Sizinləyik. Cənab Prezident, bizə avtomobil, mənzillər verilməsi, pulsuz müalicə - bunlar hamısı Sizin səbəbinizədir. Allah Sizə ömür versin, cansağlığı versin.
Cənab Prezident, biz - Qarabağ müharibəsi əlilləri, şəhid ailələri Sizin, Ali baş komandanın əmrinizi gözləyirik. Biz həmin günü silaha sarılıb, Qarabağda işğal altında olan torpaqlarımızı ermənilərdən azad etməyə hazırıq.
Cənab Prezident, o gün olsun, Sizinlə birlikdə bayrağımızı Şuşaya sancaq və belə mənzillərin açarlarını, orderlərini Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə orada təqdim edəsiniz. Çox sağ olun.
Cənab Prezident, gözəl, möhtəşəm binada bizim mənzilimizə baş çəkməyinizi xahiş edirəm.
Prezident İLHAM ƏLİYEV sakinlərə müraciətlə dedi:
-Əziz dostlar, bu gözəl hadisə münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm. Siz buna layiqsiniz. Siz müharibədə yaxınlarınızı itirmisiniz, sağlamlığınızı itirmisiniz və siz bu qayğıya layiqsiniz. Azərbaycan dövləti, Azərbaycan hökuməti əlindən gələni etməlidir ki, sizin sosial vəziyyətiniz daha da yaxşı olsun. İndi ölkəmizin müxtəlif bölgələrində Qarabağ əlilləri və şəhid ailələri üçün yeni, gözəl binalar tikilir, mənzillər tikilir və bu artıq geniş vüsət alıbdır. Hələ ki, bu mənzilləri gözləyən insanların sayı kifayət qədər çoxdur. Ancaq biz maksimum çalışırıq ki, qısa müddət ərzində bütün ehtiyacı olanları belə gözəl mənzillərlə təmin edək.
Azərbaycan dövlətinin sosial siyasəti çox məqsədyönlüdür. Biz bütün yerlərdə, xüsusilə cəbhə bölgəsinə yaxın olan rayonlarda sosial məsələlərin həllinə çox böyük diqqət göstəririk. Artıq qeyd olundu, uzun fasilədən, təxminən 20 ildən sonra Beyləqana təbii qazın verilməsi bərpa edilibdir. Bu da sosial siyasətin təzahürüdür, dövlət siyasətinin nəticəsidir. Dövlət Vətən uğrunda öz sağlamlığını, öz həyatını itirmiş insanlara, onların yaxınlarına xüsusi qayğı göstərməlidir. Mən əminəm ki, biz gələcək illərdə buna nail olacağıq və daha böyük işlər görüləcəkdir.
Bu gözəl evdə isə mən arzu edirəm ki, sizin xoş günləriniz olsun. Siz burada rahat, xoşbəxt yaşayasınız və bu vaxta qədər olduğu kimi, bundan sonra da öz fəaliyyətinizlə, öz əməyinizlə doğma ölkəmizin inkişafına töhfə verəsiniz. Bir daha sizi təbrik edirəm.
X X X
Sonra dövlətimizin başçısı mənzillərə baş çəkdi, şəraitlə tanış oldu. Məlumat verildi ki, Beyləqanda bu kateqoriyadan olan insanlar üçün ilk dəfə inşa olunmuş binada 6 birotaqlı, 15 ikiotaqlı və 3 üçotaqlı mənzillər vardır. Mənzillərin 7-si şəhid ailələrinə, 17-si Qarabağ müharibəsi əlillərinə verilmişdir. Ümumi sahəsi 1200 kvadratmetr olan binaya qaz, elektrik və su xətləri çəkilmiş, bütün mənzillər telefonlaşdırılmışdır. Azərbaycan Prezidentinin adından hər bir ailəyə televizor və soyuducu hədiyyə olunmuşdur.
Prezident İlham Əliyev yaradılan şəraiti yüksək qiymətləndirdi, mənzil sahibləri ilə söhbət etdi.
######
![]() |
![]() |
![]() |


