“Qarabağda tolerantlıq və multikulturalizm ənənələri” - elmi konfrans
Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Qarabağda tolerantlıq və multikulturalizm ənənələri (Azərbaycan modeli əsasında)” mövzusunda elmi konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva konfransın Qarabağda tolerantlıq və multikulturalizm ənənələrinə həsr olunduğunu söyləyib. Qeyd edib ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Tarixən və müasir dövrdə Azərbaycan müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan kimi əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Müasir dövrdə isə bu ənənələr milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib.
“Şuşa İli” çərçivəsində institutda elmi tədbirlərin keçirildiyi, kitabların nəşr olunduğu, tədqiqat işlərinin aparıldığı da diqqətə çatdırılıb.
Konfransda “Qarabağ bölgəsində tolerantlıq mühiti və ermənilərin Azərbaycana qarşı vandallıq siyasəti”, “Qarabağ - dini-mədəni müxtəlifliyin tarixi nümunəsi kimi”, “Qarabağ xanlığında dini-mədəni birgəyaşayış təcrübəsi”, “Azərbaycan multikulturalizm və tolerantlığının qaynaqları: qarabağlı mütəfəkkirlərin elmi-fəlsəfi və ictimai-publisistik düşüncələri əsasında” mövzularda məruzələr dinlənilib.
Məruzələrdə Azərbaycanın tolerantlığının dünyaya bir nümunə olduğu vurğulanıb, tolerantlıq ideyalarının inkişaf mərhələləri, Qarabağ ərazisində müxtəlif dinlərin mövcudluğu diqqətə çatdırılıb, multikulturalizm və tolerantlıq ifadələrinin etimoloji təhlili aparılıb. Həmçinin görkəmli mütəfəkkir və alimlərdən Muhyiddin Məhəmməd Qarabaği, Məhəmməd Vəli Qarabaği, Seyid Həmzə Nigari, Nəcəf bəy Vəzirov, Firudin bəy Köçərli və digərlərinin yaradıcılıqlarında tolerant və multikultural dəyərlərin təcəssümündən bəhs edilib.