Qarabağın Alban kilsələrinin faciəli tarixi - erməni vandalizmi
Bakı, 22 may, AZƏRTAC
2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın iradəsi və qətiyyəti sayəsində Qarabağı işğaldan azad edən şanlı Ordumuz əsl qəhrəmanlıq salnaməsi yazdı. Ən yeni tariximizdə mühüm yer tutan bu savaş böyük Zəfərlə bitdi. Azad edilmiş Qarabağda nə gördük? Ermənistan hərbi qüvvələri tərəfindən ata-baba yurdlarımızın, ev-eşiklərimizin viran, tarixi və mədəni abidələrimizin məhv edildiyini. 30 il ərzində məscidlərimizi donuz tövləsinə çevirən ermənilər, xristian abidələrinə qarşı da vandal hərəkətlər ediblər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə deyib.
O bildirib ki, Qarabağ ərazisində yerləşən Alban xristian abidələrinin böyük bir hissəsi işğal müddətində xaraba qalıb, erməni hərbçilərinin döyüş məntəqəsinə, qalan az bir hissəsi isə erməni-qriqoryan kilsələrinə çevrilib. Vətən müharibəsində qazanılan Zəfər Qarabağın 30 illik işğal tarixinin qaranlıq məqamlarına işıq saldı. Tarix elmini təhrif edən siyasətbazların fitnələri faş oldu. Tarixdə elə bir etibarlı mənbə yoxdur ki, Qafqaz regionunda ermənilərin qədimdən bəri yaşadığını təsdiq etsin. Çar Rusiyası 1828-ci ilin fevralında Qacarlar dövləti ilə imzaladığı Türkmənçay, 1829-cu ilin sentyabrında isə Osmanlı dövləti ilə imzaladığı Ədirnə müqavilələrinin şərtlərinə əsasən erməniləri Cənubi Qafqaz bölgələrinə kütləvi şəkildə köçürməyə başladı. Erməniləri Qarabağ ərazisinə köçməyə səsləyən rus ordusunun zabiti Qazaros Lazaryan 1828-ci il martın 30-da İrandakı ermənilərə müraciətində deyirdi: “... Orada (Şimali Azərbaycanda) siz xristianların məskunlaşdırıldığı yeni vətən əldə edəcəksiniz... Tələsin! Vaxt çox qiymətlidir. Tezliklə rus qoşunları İranı tərk edəcək, bundan sonra sizin köçməyiniz çətinləşəcək... Azca itkiyə məruz qalsanız da, qısa zamanda hər şeyə nail olacaqsınız, özü də həmişəlik”. Onun bu müraciəti İranda yaşayan bütün ermənilər arasında yayılmışdı. Ermənilərin Qarabağa köçürülməsini təsdiq edən bu cür sənədlər kifayət qədərdir. Məhz buna görə də, hazırda Ermənistan respublikasının Cənubi Qafqazda hansısa mübahisəli sərhədlərdən bəhs etməsi hüquqi cəhətdən əsassızdır. İndiki Ermənistan respublikası isə tarixdə ilk və yeganə erməni dövləti olan, həmçinin 1918-ci ildə Azərbaycanın şimal-qərb torpaqlarında erməni quldurlarının minlərlə azərbaycanlını qətlə yetirməsindən sonra qurulmuş işğalçı daşnak Ermənistanın varisidir.
1990-1993-cü illərdə ermənilər öz havadarlarının fəal hərbi-siyasi yardımı sayəsində, həmçinin müstəqilliyini yeni qazanmış Azərbaycan Respublikasının daxilində siyasi hərc-mərclikdən istifadə edərək Qarabağ və onun ətrafındakı ərazilərimizi işğal etdilər. Qarabağ tarixinin qara səhifələri 30 illik erməni işğalı dövrüdür. Terror təşkilatları yaratmaqda 100 ildən artıq təcrübəsi olan ermənilər Qarabağın tarixi və mədəni abidələrinə qarşı da terror tədbirləri həyata keçirdilər: “Erməni-qriqoryan kilsəsi bu işdə fəal rol oynadı. Məhz bu qurumun iyrənc tədbiri olaraq Qarabağ ərazisində Alban xristian kilsələrinin gerçək tarixi təhrif edildi, bu abidələrimiz erməni kilsələri kimi təqdim edilməyə başlandı. Qarabağ ərazisində xristian abidələrinin əksəriyyəti Azərbaycan Albaniya dövlətinin hökmdarı III Mömin Vaçaqanın hakimiyyəti dövründə (487-510-cu illər) inşa edilib. Alban tarixçisi Musa Kalankatlı yazır ki, o, Albaniyada “ildəki günlərin sayı qədər kilsə inşa etmişdi”. III Mömin Vaçaqan Tərtərdə Suqovuşan kəndi yaxınlığında İsa peyğəmbərin həvarisi Faddeyin şagirdi olmuş Müqəddəs Yeliseyin nəşi üzərində kilsə tikdirib. Bu kilsə Müqəddəs Yelisey məbədi adlanır. Musa Kalankatlının verdiyi məlumata görə, Müqəddəs Yelisey ermənilərin gözündən qaçaraq İrana keçmiş, oradan isə Alban ölkəsinə gələrək xristianlığı təbliğ edib. Burada sual olunur, əgər mənbədə Müqəddəs Yeliseyin ermənilərin gözündən qaçaraq Albaniyaya gəlməsindən bəhs edilirsə, onda Alban kilsələri necə erməni kilsəsi hesab oluna bilər?”.
Ramin Əlizadə diqqətə çatdırıb ki, tarixi mənbələrdə Azərbaycan Albaniya dövlətinin süqut etməsinin ermənilərin fitnə fəsadı nəticəsində mümkün olduğu göstərilir. 705-ci ildə erməni katolikosu İlyanın ərəb xəlifəsi Əbdülmalikə yazdığı məktub deyilir: “Böyük hökmdar, siz öz hökmünüzlə əmr buyurun ki, onlar, yəni albanlar Allaha qarşı işlədikləri günahlarına görə cəzalandırılsınlar”. Əbdülmalik isə cavab məktubunda qiyamçı kimi təqdim edilən albanların cəzalandırılacağını və onların dini inancında erməni-qriqoryan kilsəsinə uyğun dəyişikliklərin ediləcəyini bildirir. Beləliklə, albanlar ermənilərin qurduğu tələyə düşürlər. Ərəb ordusu Albaniyaya hücum edir, Alban hökmdarı ailəsi ilə birgə edam olunur və Alban dilində olan kitablar Tərtər çayına atılaraq məhv edilir. O zaman Albaniyanın paytaxtı Bərdə şəhərində xristian məbədi də yandırılıb. Arxeoloji qazıntılar nəticəsində Bərdə şəhərində “məbəd yeri” adlanan ərazidə 20 santimetr qalınlığında kül təbəqəsinin aşkar edilməsi də bu faktı təsdiq edir. Məhz bundan sonra bir müddət xilafət tərəfindən erməni-qriqoryan kilsəsinin tabeliyinə verilən Alban kilsələrində Alban əlifbası qadağan edilib, əvəzində erməni əlifbasından istifadə olunub. Buna görə də hazırda bəzi Alban kilsələrində erməni əlifbası ilə yazılmış kitabələrə təsadüf edilir. Amma bu kitabələrin heç bir yerində Alban kilsələrinin ermənilərə aid olması haqqında hər hansı bir ifadə yazılmayıb. Əksinə erməni dilində yazılan kitabələrdə Alban xalqının, Alban hökmdarlarının adları çəkilib. Buna ən yaxşı misal Kəlbəcər rayonu ərazisində Xaçınçayın sol sahilində yerləşən Gəncəsər monastır kompleksinin kitabəsidir. Alban-Xaçın hökmdarı Həsən Cəlal və anası Hurişah Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmiş bu xristian məbədinin divarı üzərindəki kitabədə deyilir: “Mən, Həsən Cəlal onu mənim Alban xalqım üçün inşa etdim”. Orta əsrlərdə Gəncəsər məbədi Alban Apostol Kilsəsinin mərkəzi olub. Məbədin kitabəsində Həsən Cəlal “Uca və böyük Arsak ölkəsinin hökmdarı, Alban vilayətinin çarı Böyük Həsənin nəvəsi, Vaxtanq təginin oğlu” kimi yad edilir. Erməni alimi İosif Orbeli bu Alban monastırının yazılarını kitab halında nəşr etdirsə də, sonradan ermənilər onun nüsxələrinin əksəriyyətini yığıb yandırıblar. Səbəb bu abidənin ermənilərə aid olmadığını sübut edən dəlillərin olmasıdır.
“Ermənilər özləri də yaxşı bilirlər ki, Qafqazın yerli sakinləri olan azərbaycanlılardan fərqli olaraq onların bu regionda tarixi keçmişi olmayıb. Ermənistan rəhbərliyi arxiv sənədlərini gizlətməklə, faktları dolaşdırmaqla ən böyük zərbəni elə erməni xalqına vurub. Nəticədə, ermənilər öz tarixlərini bilmədiklərini etiraf etmək məcburiyyətində qalıblar. Erməni alimi Manuk Abeqyanın dediyi kimi, “erməni xalqının mənşəyi kimdir, necə və nə vaxt, haradan, hansı yollarla bu torpaqlara gəliblər, hansı tayfalarla əlaqədə olublar, onların etnik tərkibinə, dilinə kimlər necə təsir göstərib? Əlimizdə bunları sübuta yetirəcək aydın və dəqiq dəlillər yoxdur!”. Erməni tədqiqatçısı R.İşxanyan isə bu faktı daha açıq şəkildə ifadə edərək yazır: “Dağlıq Qarabağda məskunlaşmış ermənilər Türkiyə və İrandan qaçıb gələrək Azərbaycan torpaqlarında sığınacaq tapmış əhalidir”. Bu fikir ermənilərin Qarabağa gəlmə etnos olduğunu açıq-aydın təsdiq edir. XIX əsrin sonu - XX əsrin əvvəllərində Rusiya imperiyasında əhali siyahıyaalmalarının tarixi gerçəkliyi təhrif etməsi artıq bir çox tədqiqatçılara məlumdur. Bu siyahıyaalmalarda Qarabağın xristian Alban əhalisinin yanlış olaraq erməni kimi qeydə alınmasına toxunan rus publisisti V.Veliçko yazırdı: “Səhvən erməni adlandırılan, əslində isə erməni-qriqoryan təriqətini qəbul edən və yalnız üç-dörd əsr əvvəl erməniləşmə prosesinə məruz qalan əhali müstəsnadır ... Bütün qafqazlılar yaxşı bilirlər ki, ermənilər burada köklü xalq deyillər, Türkiyə və İran qaçqınları kimi XIX əsrin birinci yarısında görünməyə başlayıblar. İndi ermənilər Rusiyanın özündən torpaq istəyirlər, onlar Voronejə qədər yiyələnmək istəyirlər... ermənilərin iddiasına görə uydurma “böyük Ermənistan” Fransanın ərazisindən böyükdür”.
İkinci Qarabağ müharibəsi göstərdi ki, döyüş meydanı erməni vandallarını cəzalandırmaq üçün ən münasib məkandır. Bu müharibədə bəzi qüvvələr Ermənistanı ermənilərin uydurma təbliğatına görə yox, Cənubi Qafqazda erməni kartından istifadə etmək üçün müdafiə etdilər. Əgər erməni tarixçisi gerçək mənbələr əsasında öz xalqının tarixini yenidən araşdıracaqsa, regionda sülh və əmin-amanlığın bərqərar olmasına xidmət etmiş olacaq. Ermənistanda Silva Kaputikyan, Baqrat Ulubabyan, Zori Balayan kimi türk düşmənləri öz saxta ideologiyaları ilə terrorçu erməni gəncləri yetişdirməyə davam edəcəksə, türkün dəmir yumruğunu daim başı üzərində görəcək”, - deyə Ramin Əlizadə qeyd edib.