Qaxın İlisu kəndinə 15 santimetrədək qar yağıb
Qax, 9 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın şimal-qərb bölgəsi rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Havanın temperaturu xeyli aşağı düşüb. Yanvarın 8-i axşam saatlarından başlayaraq bölgənin dağlıq və dağətəyi ərazilərinə qar yağır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qax rayonunun dağlıq ərazisində yerləşən İlisu kəndində hazırda qar örtüyünün hündürlüyü 10-15 santimetr təşkil edir. Yağan qar sakinlər üçün heç bir problem yaratmayıb. Kəndin elektrik enerjisi və təbii qazla təchizatı normal qaydada davam edir.
Havanın qeyri-sabit, qarlı keçməsi ilə əlaqədar Qax rayonunun yol təsərrüfatının işçiləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Avtomobil Yolları Dövlət Agentliyinin 13 nömrəli “Yol İstismar” MMC tərəfindən avtomobil yollarında nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması üçün zəruri tədbirlər görülür. Avtomobil yolları texnikanın köməyi ilə qardan təmizlənir, yollara duz-qum qarışığı səpilir.
Hazırda rayon ərazisində qar yağmaqda davam edir.