Qayğıya ehtiyacı olan balacaların bayram sevinci
Neftçala, 30 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Neftçala rayonunda fəaliyyət göstərən Uşaq Günərzi Qayğı Mərkəzinə cəlb olunmuş balacalar üçün Yeni il şənliyi keçirilib. Mərkəzdə olan fidanlar əsl bayram sevinci yaşayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Karvan” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan layihə çərçivəsində keçirilən şənlikdə müxtəlif kompozisiyalar nümayiş olunub, Yeni il süfrəsi açılıb və uşaqlara hədiyyələr verilib.
Qeyd edək ki, Uşaq Günərzi Qayğı Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi xidmətinin göstərilməsi üçün yaradılıb. Mərkəzdə 3-12 yaşarası çətin həyat şəraiti olan uşaqların sosial kimsəsizliyinin profilaktikası işləri aparılır.