REGİONLAR
Qazaxdakı 109 saylı dairə seçki komissiyasında treninqlər 41 məntəqəni əhatə edir VİDEO
Qazax, 12 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar avqustun 12-dən etibarən 109 saylı Qazax seçki dairəsinin dairə seçki komissiyasında da məntəqə seçki komissiyalarının sədrləri, katibləri və üzvləri üçün treninqlərə başlanılıb. Təlimlərin məqsədi seçki komissiyaları üzvlərinin məlumatlılığının və peşəkarlığının artırılmasıdır.
AZƏRTAC xəbər verir ki, seminarları Mərkəzi Seçki Komissiyasının təlim kursunda iştirak etmiş əməkdaşlar aparırlar.
MSK tərəfindən hazırlanan slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki prosesində müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması, səsvermə prosesinə dair praktiki tapşırıqlar və digər məsələlərlə bağlı məlumatlar verilir. Təlim iştirakçılarına bununla bağlı yaddaş kitabçası təqdim edilir. Treninqlərdə, həmçinin məntəqə seçki komissiyalarının üzvlərini maraqlandıran suallar cavablandırılır.
109 saylı Qazax seçki dairəsi dairə seçki komissiyasının sədri Xəyyam Salehov bildirib ki, avqustun 15-dək davam edəcək treninqlər dairənin tərkibindəki bütün məntəqələri əhatə edəcək. “Yəni, məntəqə seçki komissiyasının bütün üzvləri bu seminarda hissə-hissə iştirak edirlər. Burada əsas məqsəd məntəqə seçki komissiyası üzvlərinin maarifləndirilməsi, sədr, katib, üzvlərin səsvermə günü üzərilərinə düşən vəzifələrin düzgün bölgüsünün aparılması və məntəqə üzvlərinə səsvermə prosesinin Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə izah edilməsidir”, - deyə o əlavə edib.
Qeyd edək ki, 109 saylı Qazax seçki dairəsinin tərkibində 41 seçki məntəqəsi fəaliyyət göstərir. Məntəqələrin 10-da veb-kameralar quraşdırılacaq. Dairə üzrə 48 min 34 seçici qeydiyyata alınıb ki, onlardan 348 nəfəri ilk dəfə səs verəcək.