QAZAXISTAN DİN-İN FTB ƏMƏKDAŞLARININ KÖMƏYİNƏ EHTİYACI VAR
A.Sarsınbayevin, onun sürücüsü və mühafizəçisinin meyitləri fevralın 13-də Almatının bir neçə kilometrliyində tapılmışdır. Hər üçü kürəyindən və başından güllə yaraları almışdır. Bu vəhşicəsinə qətl hadisəsi bütün ölkəni sarsıtmışdır.
Nazir jurnalistlər üçün brifinqdə demişdir: “Biz dövlət başçısı Nursultan Nazarbayevin tapşırığı ilə xarici mütəxəssisləri, məsələn, ABŞ FTB-sini təhqiqata cəlb etmək barədə düşünürük”. O bildirmişdir ki, ABŞ-ın Qazaxıstandakı səfirliyi ilə müvafiq razılaşma əldə olunmuşdur.
Məhəmmədcanov bildirmişdir ki, təhqiqatlara xarici mütəxəssislərin cəlb olunması Sarsınbayevin qətli haqqında müxtəlif şayiələri aradan qaldırmaq və prosesi maksimum şəffaf keçirmək məqsədi daşıyır. Nazirin dediyinə görə, Daxili İşlər Nazirliyi qətlin təşkilatçıları və icraçıları haqqında ətraflı informasiyaya görə 10 milyon təngə (təqribən 75 min dollar) mükafat vəd edir.
Polis qətlin bir neçə versiyasını, o cümlədən siyasi ekstremizm versiyasını nəzərdən keçirir.
Sarsınbayev uzun illər informasiya və ictimai həmrəylik naziri, mətbuat və kütləvi informasiya naziri işləmişdir. 2001-ci ilin mayından Qazaxıstan Təhlükəsizlik Şurasının katibi, 2002-ci ildən 2003-cü ilin noyabrınadək Qazaxıstanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri işləmişdir. 2003-cü ilin dekabrından “Ağ yol” Demokrat Partiyasının həmsədri idi.