COP29
Qazaxıstan nüvə enerjisinin üç dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Astana, 14 noyabr, AZƏRTAC
Qazaxıstan 2050-ci ilə qədər nüvə enerjisinin üç dəfə artırılması haqqında Bəyannaməyə qoşulduğunu elan edib.
AZƏRTAC Qazaxıstan Respublikasının Energetika Nazirliyinə istinadla xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) nazir müavini Sunqat Yesimxanov bildirib.
“Qazaxıstanın Bəyannaməyə qoşulması davamlı və ekoloji cəhətdən təmiz gələcəyə doğru mühüm addımdır. Biz ümumi məqsədə nail olmaq üçün qlobal ictimaiyyətlə əməkdaşlıq edərək təkcə enerji təhlükəsizliyini gücləndirməyə deyil, həm də karbon emissiyalarının qlobal azaldılmasına mühüm töhfə verməyə çalışırıq”, - deyə energetika nazirinin müavini vurğulayıb.
Nüvə enerjisi Paris Sazişinin ilk qlobal icmalında temperatur artımının 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırılması məqsədinə nail olmaq üçün əsas həll yolu kimi tanınır.
Qazaxıstan nüvə enerjisinə gələcək enerji balansının mühüm komponentlərindən biri kimi baxır ki, bu da ona 2060-cı ilə qədər karbon neytrallığına nail olmağa, təmiz enerji mənbələrinin payını artırmağa və etibarlı enerji təchizatını təmin etməyə imkan verəcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana