DÜNYA
Qazaxıstan peykinin ixracı ilə bağlı Monqolustanla tarixi razılaşma baş tutub
Astana, 30 oktyabr, AZƏRTAC
Qazaxıstan və Monqolustan Yerin məsafədən zondlanması peykləri sisteminin birgə işlənib hazırlanması üzrə investisiya sazişi imzalayıblar.
AZƏRTAC Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, layihə Monqolustan üçün peykin işlənib hazırlanmasını nəzərdə tutur.
Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri Jaslan Madiyev bildirib ki, bu, ölkə tarixində tamamilə qazax mühəndisləri tərəfindən işlənib hazırlanmış ilk peykin ixracıdır.
“Peyk Monqolustanın ehtiyaclarına uyğunlaşdırılacaq ki, bu da regional peyk infrastrukturunu möhkəmləndirəcək və Qazaxıstanın kosmik texnologiya sahəsində artan potensialını vurğulayacaq”, - deyə o qeyd edib.
Saziş hər bir ölkə tərəfindən peyk üzərində müstəqil nəzarəti nəzərdə tutur ki, bu da hər iki dövlətə təbii sərvətlərin və kənd təsərrüfatının inkişafının monitorinqi üçün müasir məlumatlara çıxışı təmin edəcək.
Uzaqdan zondlama texnologiyaları torpağın vəziyyətini effektiv şəkildə izləməyə, su ehtiyatlarını idarə etməyə və ətraf mühitdəki dəyişiklikləri təhlil etməyə imkan verəcək.
Layihə Qazaxıstan Milli Kosmik Mərkəzinin bazasında monqol mütəxəssislərinin iştirakı ilə həyata keçiriləcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana