QAZAXISTANDA AŞKAR OLUNMUŞ QEYRİ-ADİ TERMAL ZONANIN YARANMA SƏBƏBLƏRİ ARAŞDIRILIR
Qazaxıstan Kosmik Tədqiqatlar İnstitutunun direktoru Baqdat Suymebayev Almatıda keçirilən mətbuat konfransında bu barədə məlumat verərək demişdir ki, bu zona kosmik çəkilişlər vasitəsi ilə müəyyən olunmuşdur. Məsələ burasındadır ki, 18 min kvadratkilometr ərazisi olan keçmiş nüvə poliqonunda həyat yoxdur, ancaq ətraf yerlərdə 1 milyondan çox adam yaşayır.
O demişdir ki, kosmosdan ləkə şəklində görünən bu ərazi dioqanal üzrə təxminən 20 kilometrdir, vaxtaşırı bu ərazi genişlənir və daralır. Baqdat Suymebayevin sözlərinə görə qeyri-adi zonanın temperaturu regionun rejimindən kəskin surətdə fərqlənir. Belə ki, qışda bu bölgədə 40-45 dərəcə şaxta müşahidə edildiyi halda, bu qeyri-adi zonada qar yağmır və 3-5 dərəcə isti olur.
O qeyd etmişdir ki, alimlərin bir qrupu bunu nüvə poliqonunun fəaliyyəti ilə əlaqələndirir, bəziləri isə qeyri-adi təbiət hadisəsi adlandırırlar. Hələlik Rusiya və Qazaxıstan alimləri konkret bir nəticəyə gələ bilməmişlər.
Xatırladaq ki, Semipalatinsk nüvə poliqonu 1949-cu ildən 1989-cu ilədək fəaliyyət göstərmiş və bu müddət ərzində burada 500-dən artıq nüvə sınaqları keçirilmişdir. Poliqon Qazaxıstan Prezidentinin sərəncamı ilə 1991-ci ildə bağlanmış, onun bazasında Milli Nüvə Mərkəzi yaradılmışdır.