Qazaxıstanda fəaliyyət göstərən diaspor nümayəndələri Azərbaycanda səfərdədir
Bakı, 15 iyul, AZƏRTAC
Qazaxıstanda diaspor sahəsində fəaliyyət göstərən soydaşlarımızdan, həmçinin dövlət strukturlarında və media qurumlarında çalışan qazaxlardan ibarət nümayəndə heyəti “Prezidentlərin izi ilə!” şüarı altında Azərbaycana səfər edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Kostanay vilayəti “Birlik” Etnomədəni Birliyinin, Almatı şəhəri “Ata Yurd – Nomad” Respublika İctimai Birliyinin, Mangistau vilayəti “Dostluq” Etnomədəni Birliyinin, Türküstan vilayəti “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının Almatı şəhər filialının, Şimkənd şəhəri “Azərbaycan Mədəniyyət Mərkəzi” ictimai Birliyinin, digər diaspor təşkilatlarının rəhbərləri və fəalları, qardaş xalqın nümayəndələri daxildir.
Nümayəndə heyəti əvvəlcə Bakıda Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib. Sonra Diasporla İş üzrə Dövlət Komitəsində nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib.
İyulun 17-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyətinin Füzuli və Şuşa şəhərlərinə səfərləri də planlaşdırılır.