Qazaxıstandakı beynəlxalq sərgidə Azərbaycanın müalicəvi turizm imkanları nümayış etdirilir
Almatı, 11 may, AZƏRTAC
Qazaxıstanın Almatı şəhərində “Qazaxıstanda tibbi turizm: reallıqlar və inkişaf perspektivləri” adlı beynəlxalq konfrans keçirilir.
Konfrans çərçivəsində “KIHE 2016” Qazaxıstan 23-cü beynəlxalq sərgisi təşkil olunub. Sərgidə 18 ölkədən 200-ə yaxın şirkətin məhsulları və xidmətləri nümayiş etdirilir.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Qazaxıstandakı səfirliyinin dəstəyi ilə ölkəmizi konfransda Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
“KIHE-2016” beynəlxalq sərgisində Azərbaycanın Naftalan, Duzdağ, Qalaaltı müalicəvi turizm mərkəzlərinin guşələri nümayış edilir.
Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev bildirib ki, ölkəmizdə alternativ turizm növlərinin inkişafı diqqət mərkəzindədir. Son illər Azərbaycanın müalicəvi turizm mərkəzləri olan Naxçıvanda Duzdağda, Naftalanda, Şabranda, Qalaaltıda müasir otellər tikilib istifadəyə verilib. Duzdağ, Qalaaltı və Naftalan Azərbaycanı dünyada geniş tanıda bilər.
Nümayəndə heyəti ölkə termal turizminin xaricdə təbliği, eləcə də xarici turizm sənayesi nümayəndələri arasında işgüzar münasibətlərin yaradılması və davamlılığın təmin edilməsi məqsədilə ikitərəfli görüşlərə də qatılıblar.
Görüşdə sağlamlıq turizmi sahəsində əməkdaşlığın mümkün perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, Qazaxıstan və Rusiyadan turistlərin cəlb edilməsi məsələləri müzakirə olunub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı