Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günləri başlanıb
Qəbələ, 28 iyul, Mustafa Dadaşov, AZƏRTAC
İyulun 28-də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günlərinə start verilib. Üç gün davam edəcək tədbirdə işəgötürən müəssisələrin nümayəndələri, ümumtəhsil məktəblərinin IX sinif şagirdləri və məzunları, müəllimlər, valideynlər, ətraf rayonların sakinləri, həmçinin Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin məzunları iştirak edirlər.
Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd gəncləri mərkəzin fəaliyyəti və burada tədris olunan peşə ixtisasları barədə məlumatlandırmaqdır.
Tədbir çərçivəsində mərkəzin ərazisində infoturlar təşkil olunur, iştirakçılar tədris ocağındakı emalatxanalar, dəzgahlar, sinif otaqları ilə tanış olmaq imkanı əldə edirlər. Eyni zamanda, işəgötürən təşkilatların mütəxəssisləri tərəfindən təqdimatlar həyata keçirilir.
Tədbir iştirakçılarına peşə təhsilinin, düzgün peşə seçiminin əhəmiyyəti, peşə təhsilinin perspektivləri barədə ətraflı məlumat verilir. İştirakçılar Təhsil Mərkəzində turizm, aqrar və sənaye sahələri üzrə kadrların hazırlanması prosesi ilə əyani tanış olurlar.
Peşə Təhsil Mərkəzinin məzunları infoturlarda iştirak edən ümumtəhsil məktəblərinin IX sinif şagirdləri və məzunlarına peşə sahələri üzrə bacarıqlara necə sahib ola biləcəkləri barədə öz məsləhət və tövsiyələrini verir, uğur hekayələrini danışırlar.
Tədbir çərçivəsində iştirakçılar Təhsil Mərkəzinin maddi-texniki bazası ilə yaxından tanış olur, ustad dərslərində iştirak edir, aşpaz, qənnadçı-şirniyyatçı, dülgər, qaynaqçı, tikişçi, xalçaçı və digər ixtisaslar barədə ətraflı məlumat əldə edirlər.
Pandemiya dövrünün tələblərinə uyğun təşkil olunan “Açıq qapı” günləri iyulun 30-dək davam edəcək.