REGİONLAR
Qəbələ festivalında Litva Kamera Orkestrinin konserti maraqla qarşılanıb
Polşalı violin ifaçısı öz ifası ilə Qəbələ festivalının proqramına xüsusi ahəng qatıb
Qəbələ, 2 avqust, Mustafa Dadaşov, AZƏRTAC
XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq bir həftəyə yaxındır musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival çərçivəsində avqustun 1-də axşam açıq havada konsert səhnəsində tamaşaçılara Litva Kamera Orkestrinin konserti təqdim olunub.
Tamaşaçılar Polşadan gəlmiş violin ifaçısı Mariusz Patyranın ifasını böyük maraqla izləyiblər. Polşalı musiqiçi öz virtuoz ifası ilə Qəbələ festivalının proqramına xüsusi ahəng qatıb.
Konsertdə V.A.Motsartın “Kiçik gecə serenadası”, Z.Kodalyın “Kallayi kəndinin rəqsləri”, Y.Sukun “Sevgi mahnısı”, M.Ponse-Y.Heyfetsin “Kiçik ulduz”, F.Kreyslerin “Vyana kapriççiosu”, F.Latenasın “Bolero”, B.Dvarionasın “Göl qırağında”, A.Dvorjak-Y.Heyfetsin “7 nömrəli Yumoreska”, F.Şopen-N.Milsteinin “Noktürn”, A.Batsininin “Cırtdanların rəqsi”, Q.Diniku-Y.Heyfetsin “Hora Staccato” əsərləri səsləndirilib.
Festival çərçivəsində avqustun 2-də saat 18:00-da Heydər Əliyev Konqres Mərkəzində tamaşaçılara növbəti kamera musiqisi təqdim ediləcək.