İDMAN
“Qəbələ” komandası UEFA Avropa Liqasında son oyununu keçirib
Bakı, 10 dekabr, Elşad Qəzvini, AZƏRTAC
UEFA Avropa Liqasının qrup mərhələsinın sonuncu turu çərçivəsində “Qəbələ” klubu Bakıda Rusiyanın “Krasnodar” komandasını qəbul edib.
AZƏRTAC xəbər verir ki, "Bakcell Arena"da keçirilən oyunda “Qəbələ”nin start heyətində Andrey Popoviç, Voyislav Stankoviç, Rikardinyo, Arif Daşdəmirov, Rafael Santos, Dodo, Aleksey Qay, Derlis Meza Kolli, Sergey Zenyov, Fakundo Pereyra, Aleksey Antonov meydana çıxıblar.
“Krasnodar”ın ilk on birliyində isə Andrey Dikan, Andreas Qranqvist, Vitali Kaleşin, Ranyar Siqurdsson, Pavel Mamaev, Odil Axmedov, Joazinyo, Mourisio Pereyra, Çarles Kabare, Sergey Petrov, Vanderson yer alıblar.
Rumınıyalı baş hakim İştvan Kovaçın idarə etdiyi matç qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Birinci hissə qarşılıqlı hücumlar şəraitində keçsə də, oyuna daha fəal başlayan tərəf “Qəbələ” olub. Bir neçə qol imkanından yararlana bilməyən Roman Qriqorçukun yetirmələri sonradan müdafiədə inamsız oyun sərgiləyib. “Krasnodar”ın ilk qolu 25-ci dəqiqədə Siqurdsondan gəlib. Hissənin sonuna yaxın Pereyra hesab arasındakı fərqi artırıb - 0:2. Görüşün 75-ci dəqiqəsində Rusiya təmsilçisinin heyətində Vanderson fərqlənərək hesabı 0:3 edib.
Beləliklə, UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda da məğlub olan “Qəbələ” turniri 2 xalla və qrupun sonuncu pilləsində tamamlayıb.
“C” qrupunda keçirilən digər oyunda Dortmundun “Borussiya” klubu doğma meydanda Yunanıstanın “PAOK” komandasına 0:1 hesabı ilə məğlub olub.
Beləliklə, “Krasnodar” klubu 13 xalla qrupun lideri olub. Almaniyanın “Borussiya” klubu qrupu 10 xalla ikinci, Yunanıstanın “PAOK” komandası isə 7 xalla üçüncü sırada tamamlayıb.