“Qəbələ”-“Traktorsazi” görüşündə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Bakı, 21 yanvar, AZƏRTAC
Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubunun əvəzedici komandası üçüncü yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, “qırmızı-qaralar” Təbrizin “Traktorsazi” klubunun əvəzediciləri ilə qarşılaşıblar.
Matçdan əvvəl 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Hər iki komanda görüşə qara sarğı ilə çıxıb.
“Qəbələ”nin üstünlüyü ilə keçən oyun əvəzedicilərimizin böyük hesablı qələbəsi ilə başa çatıb - 4:1. “Qırmızı-qaralar”ın qollarını Qədir Bayramlı, Səid İbadov, Rövlan Muradov və Nurlan Quliyev vurublar.
Xatırladaq ki, “Qəbələ”nin əvəzediciləri ilk iki oyunda Albaniyanın “Partizani” (2:6) və Türkiyənin “Manavqatspor” (4:1) klubları ilə qarşılaşıblar.