REGİONLAR
Qəhvəyi mərmər bağacığının yayılma təhlükəsinin aradan qaldırılması üçün kompleks tədbirlər görülür
Şəki, 19 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Şəki-Zaqatala bölgəsində kənd təsərrüfatı üçün təhlükəli zərərverici hesab edilən qəhvəyi mərmər bağacığının aşkar edilməsi və yayılma təhlükəsinin aradan qaldırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli qurumları tərəfindən kompleks mübarizə tədbirləri davam etdirilir. Hazırda Mərkəzin yerli qurumlarının Balakən rayonuna ezam olunmuş mütəxəssisləri zərərvericinin qışlama ocaqlarında məhv edilməsi və əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirirlər.
Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki rayon Mərkəzinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, monitorinq aparan mütəxəssislərin verdiyi məlumata əsasən, karantin obyekt hesab edilən qəhvəyi mərmər bağacıqla sirayətlənmədə ötən illə müqayisədə xeyli azalma müşahidə olunub. Bunun başlıca səbəbi bağacıq aşkar edilən gündən indiyədək kompleks mübarizə tədbirlərinin, yəni sirayətlənmiş ocaqların aşkar edilməsi, məhv olunması, əhalinin maarifləndirilməsi, feremon tələlərdən istifadə, toplanmış bağacıqların mexaniki və kimyəvi üsulla məhv edilməsi, sərhəd-keçid məntəqəsində nəqliyyat vasitələrinin dezinseksiyası və digər tədbirlərin həyata keçirilməsidir: “Lakin bu, biz mütəxəssisləri arxayın etməməlidir. Zərərvericinin başqa ölkələrdə vurduğu genişmiqyaslı iqtisadi zərəri nəzərə alaraq, kompleks tədbirlər mütəmadi olaraq davam etdirilməlidir”, - deyə Mərkəzin rəisi vurğulayıb.
Tələt Mehdiyevin sözlərinə görə, Gürcüstanın kənd təsərrüfatında böyük iqtisadi ziyana səbəb olan qəhvəyi mərmər bağacığı 2022-ci ilin payızından Azərbaycanın qonşu ölkə ilə həmsərhəd kəndlərində müşahidə edilməyə başlayıb. 2022-ci ilin dekabrında Nazirlər Kabinetinin qərarı ilə qəhvəyi mərmər bağacığına qarşı karantin statusu elan edilib və elə həmin vaxtdan AQTA və AXA-nın rəhbərliyi ilə genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanılıb. İlk növbədə, sirayətlənmiş yaşayış məntəqələrində monitorinqlər keçirilib, qışlamada olan sirayətlənmiş ocaqlar aşkarlanaraq zərərsizləşdirilib və əhaliyə metodiki tövsiyələr verilib. Bu məqsədlə AXA-nın yerli qurumlarının mütəxəssisləri bölgəyə ezam olunub və ötən ilin martınadək sirayətlənmiş qışlama ocaqları məhv edilib. Qəhvəyi mərmər bağacığının aprel-may aylarında uçuş vaxtı müəyyənləşib və zərərvericinin məhv edilməsi üçün biotexnoloji yenilik olan feremon tələlərdən geniş istifadə olunub. 2023-cü ilin vegetasiya müddətində feremon tələlər vasitəsilə xeyli sayda qəhvəyi mərmər bağacığı məhv edilib. Feremon tələlərə toplanmış mərmər bağacığın məhv edilməsində “bifentrin” və “şaolin” preparatlarından istifadə olunub.
Payız fəslində qəhvəyi mərmər bağacığının qışlama yerlərinə (yaşayış məntəqələrinə) uçuşu ilə əlaqədar ötən ilin oktyabr-dekabr aylarında Balakən rayonu Mazımqara sərhəd-keçid məntəqəsində Bitki Mühafizəsi Mərkəzi mütəxəssislərinin iştirakı ilə ölkəmizə daxil olan nəqliyyat vasitələrinin dezinseksiyası işləri həyata keçirilib.