Qərbi Balkan ölkələrinin sammitinə dair birgə bəyannamə qəbul olunub
Skopye, 12 sentyabr, AZƏRTAC
Şimali Makedoniyanın paytaxtı Skopyedə Qərbi Balkan ölkələri liderlərinin “Brdo-Briyoni” Prosesi çərçivəsində keçirilən sammitinə dair birgə bəyannamə qəbul edilib.
AZƏRTAC xəbər verir ki, Skopye Bəyannaməsində Qərbi Balkan ölkələrinin Avropa İttifaqına (Aİ) inteqrasiya prosesinin sürətləndirilməsinin əhəmiyyəti vurğulanıb. Sənəddə, həmçinin regional əməkdaşlığın genişləndirilməsi, iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmağın zəruriliyi və regionda gənclərin miqrasiyasının qarşısını almaqla cəmiyyətlərin canlılığını təmin edəcək tədbirlərin müzakirə olunmasının vacibliyi qeyd edilib. Liderlər Aİ-nin genişlənmə siyasəti və Qərbi Balkan region ölkələrinin üzvlük perspektivi ilə bağlı mövqelərini bir daha təsdiqləyiblər.
Bəyannamədə Avropa İttifaqına üzvlük prosesini sürətləndirmək üçün Aİ qurumları ilə strateji dialoqun gücləndirilməsinin və inteqrasiyanın mümkün qədər tez, ən geci 2030-cu ilədək reallaşmasının zəruriliyi bildirilib. Qərbi Balkan ölkələrinin liderləri qarşılıqlı etimad, anlaşma mühiti və həll olunmamış ikitərəfli məsələlərin sülh yolu ilə və davamlı çözülməsi üçün birgə səy göstərmək barədə razılığa gəliblər.
Qeyd edək ki, Şimali Makedoniya Prezidenti Stevo Pendarovski, Sloveniya Prezidenti Nataşa Pirts Musara və Xorvatiya Prezidenti Zoran Milanoviçin ev sahibliyi etdiyi toplantıya Serbiya Prezidenti Aleksandar Vuçiç, Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç, Monteneqro Prezidenti Yakov Milatoviç, Albaniya Prezidenti Bayram Beqay və Kosovo Prezidenti Vyosa Osmani qatılıb.
“Brdo-Briyoni” Prosesi Aİ-nin genişlənmə prosesini müzakirə etmək, region ölkələri arasında mövcud problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparmaq, regionun bütün ölkələrinin marağı çərçivəsində iqtisadi və infrastruktur prioritetlərini müəyyən etmək üçün Sloveniya və Xorvatiyanın təşəbbüsü ilə 2013-cü ildə başlayıb. Proses Cənub-Şərqi Avropa ölkələri ilə Avropa İttifaqına üzv dövlətlər arasında ən yüksək səviyyəli qeyri-rəsmi dialoq platforması hesab olunur.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Skopye