ELM VƏ TƏHSİL
Qeyri-formal və informal təhsilin tanınması – beynəlxalq forum
Bakı, 15 dekabr, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə “Xarici kvalifikasiyalar, qeyri-formal və informal təhsilin tanınması” mövzusunda beynəlxalq forum təşkil olunub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, forum xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının, həmçinin qeyri-formal və informal təhsil yolu ilə qazanılmış bilik və bacarıqların tanınması və qiymətləndirilməsi sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, xüsusilə də postpandemiya dövründə bu sahədə baş verən yeniliklərin, tətbiq olunan yanaşmaları müzakirə etmək məqsədi daşıyıb.
Agentliyin İdarə Heyətinin sədri Ülkər Səttarova əlaqəli sahədə bu günə kimi görülmüş işlər barədə forum iştirakçılarına məlumat verib. Elm və təhsil nazirinin müavini İdris İsayev istər xarici ali təhsil, istər qeyri-formal və informal təhsil sahəsində mövcud çətinliklərə toxunub, müasir dövrün tələbinə uyğun yeni çağırışlar və onların həlli istiqamətində diqqət yetirilməli məqamları vurğulayıb.
Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Almaniya və Fransadan olan spikerlər çıxış edərək əlaqəli mövzuda təmsil etdikləri ölkələrin təcrübələrini paylaşıblar.
Sonra mövzu ətrafında geniş panel müzakirəsi təşkil edilib.
Qeyd edək ki, forum kvalifikasiyaların tanınması sahəsində keyfiyyətli mühitin formalaşdırılmasına töhfə verəcək, habelə ölkəmizdə qeyri-formal və informal təhsilin tanınması ilə bağlı Azərbaycan təcrübəsini geniş auditoriyaya çatdıracaq.