QİÇS - BƏŞƏRİYYƏT ÜÇÜN ƏN BÖYÜK BƏLADIR
Azərbaycan da daxil olmaqla, Şərqi Avropa və Mərkəzi Asiya regionunda 2,3 milyon insan QİÇS epidemiyasının qurbanına çevrilmişdir. Təxmini hesablamalara görə, təkcə Rusiyada QİÇS-lə yoluxanların sayı 1,4 milyonu keçmişdır. Ümumiyyətlə, yaxın qonşumuz olan bu ölkə MDB məkanında yoluxanların sayına görə birinci, Ukrayna isə ikinci yerdədir.
Azərbaycanda bu xəstəliyə tutulanların sayı 980 nəfəri
ötmüşdür. QİÇS infeksiyası respublikanın 52 inzibati ərazisində aşkar olunmuşdur. Bunların 388 nəfəri (42 %) Bakı, 536 nəfəri (58%) digər bölgələrin sakinləridir.
Artıq Azərbaycanda 8 ailədə ata-ana-uşaq, 65 ailədə ər-arvad, 175 ailədə yalnız ər, 11 ailədə isə arvad QİÇS-ə yoluxmuşdur. Bu ailələrdə yoluxmanın səbəbkarı, əsasən, narkoman kişi və seks-bizneslə məşğul olan qadınlardır.
Lakin 198 nəfər (21,4%) yoluxma səbəbi bilinməyənlər, 13 nəfər (1,4%) ana bətnində yoluxanlar, 1 nəfər donor qanının köçürülməsi nəticəsində yoluxan da vardır.
Hər il milyonlarla insanın QİÇS-ə yoluxmasına və ondan dünyasını dəyişməsinə baxmayaraq, ölüm yayan bu epidemiyaya hələ də əlac tapılmamışdır.
Azərbaycan QİÇS-lə Mübarizə üzrə Milli Mərkəzinin direktoru Qalib Əliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, Respublika Səhiyyə Nazirliyinin xüsusi dəstəyi ilə bütün şəhər və rayonlarda əhalinin heç yerə getmədən, heç bir xərc çəkmədən anonim və pulsuz müayinə olunmasına lazımi şərait yaradılmışdır.