CƏMİYYƏT
Qida məhsullarının çatdırılması xidməti ilə məşğul olan şirkət əməkdaşları üçün təlim keçiriləcək

Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida məhsullarının daşınması və çatdırılması xidməti ilə məşğul olan qida təhlükəsizliyi qeydiyyatından keçmiş şirkətlərin əməkdaşları üçün ödənişsiz təlim təşkil edib.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, peşəkar mütəxəssislər tərəfindən aparılan təlimlərdə iştirakçılara qida məhsullarının daşınması və çatdırılması qaydaları, eləcə də daşınma və çatdırılma zamanı istifadə olunan vasitələr, onların materialı və ləvazimatlara dair tələblər barədə ətraflı məlumat veriləcək.
Təlimlərdə iştirak edənlər qida məhsullarının çirklənmə növləri və mənbələri, temperaturun idarə edilməsi, təmiz və izolyasiyalı çatdırılma çantalarının düzgün seçilməsi, istifadəsi, daşınma və çatdırılma zamanı yol verilən nöqsanlar, həmin nöqsanların aradan qaldırılması üsulları və onların üzərinə düşən vəzifələr barədə məlumatlandırılacaq.
Qeyd edək ki, növbəti təlimlərdə iştirak etmək istəyənlər oktyabrın 2-dək qeydiyyatdan keçə və ətraflı məlumat almaq üçün (012) 565 12 72 (daxili: 907) nömrəli telefona zəng edə bilərlər.