Qırğızıstan portalı Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən beynəlxalq konfransdakı çıxışını yayıb
Bişkek, 14 aprel, АZƏRTAC
Qırğızıstanın “goldenbridgenews.com” portalı Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən beynəlxalq konfransdakı çıxışının tam mətnini yayıb.
AZƏRTAC xəbər verir ki, “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransdakı çıxışının əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Biz ailə üzvlərini itirmiş, özlərinin doğma yurdlarında yaşamaqla bağlı fundamental hüquqlardan məhrum edilmiş insanların taleyini bir kənara qoya bilmərik. Biz Ermənistan ordusu tərəfindən törədilmiş vəhşilikləri unuda bilmərik. Biz heç vaxt Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini unutmayacağıq”.
Dövlətimizin başçısı Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistan işğalı altında qaldığını, 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin azad edildiyini bildirib.
Bildirilib ki, çıxışdan sonra dövlət başçısı Ermənistan tərəfdən Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında saxlanması, 44 günlük müharibədə tarixi Qələbə, Şuşaya “İsgəndər-M” raketi atılmasının Rusiya Prezidenti Vladimir Putinlə müzakirə olunması və digər taleyüklü məsələlər ilə bağlı beynəlxalq ekspertlərin suallarını ətraflı cavablandırıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek