ELM VƏ TƏHSİL
Qırğızıstanın orta təhsil müəssisələrinin müəllim və şagirdlərinin ölkəmizə səfəri başlayıb
Bakı, 12 dekabr, AZƏRTAC
Qırğızıstanın orta təhsil müəssisələrinin müəllim və şagirdlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir. Qırx doqquz nəfərdən ibarət heyətin tərkibində Bişkek şəhərindəki Heydər Əliyev adına 20 nömrəli Məktəb-Gimnaziya Təhsil-Tərbiyə Kompleksinin və Nizami Gəncəvi adına 103 nömrəli məktəbin müəllim və şagirdləri yer alıblar.
AZƏRTAC xəbər verir ki, dekabrın 12-də nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Sonra qırğız şagirdlər Heydər Əliyev adına Müasir Təhsil Kompleksində yaradılan şəraitlə tanış olublar.
Görüşdə elm və təhsil nazirinin müavini Muxtar Məmmədov, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru Aygün Mikayılova və Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya Təhsil-Tərbiyə Kompleksinin və Nizami Gəncəvi adına 103 saylı məktəbin açılışının xalqlarımızın möhkəm dostluğun, ölkələrimiz arasında sıx əməkdaşlığın daha bir göstəricisi olduğunu vurğulayıblar. Çıxışlarda ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də əlaqələrin yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub. Qırğız müəllim və şagirdlərin Azərbaycana səfərinin ölkələrimiz arasında dostluq münasibətlərinin, təhsil sahəsində əlaqələrin inkişafına mühüm töhfə verəcəyi məmnunluqla vurğulanıb. Bildirilib ki, bu, həmçinin hər iki ölkənin məktəbliləri arasında dostluq əlaqələrinin daha da genişləndirilməsinə şərait yaradacaq.
Elm və Təhsil Nazirliyinin STEAM layihəsinin rəhbəri İqrar Nəzərov qonaqlara STEAM barədə məlumat verib.
Nümayəndə heyətinin Azərbaycana səfəri dekabrın 18-dək davam edəcək. Birhəftəlik səfər çərçivəsində qırğız müəllim və şagirdlər Heydər Əliyev adına Müasir Təhsil Kompleksində yaradılan tədris şəraiti ilə tanış olacaqlar. Günün birinci yarısında qonaqlar üçün treninqlər təşkil ediləcək. Treninqlərin nəticəsində müxtəlif fəaliyyətlər icra olunacaq, habelə Bakının və ölkəmizin görməli yerləri ilə tanışlıq olacaq.
Xatırladaq ki, Bişkekdəki Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya Təhsil-Tərbiyə Kompleksinin və Nizami Gəncəvi adına 103 saylı məktəbin müəllim və şagirdlərinin ölkəmizə səfərinin məqsədi Azərbaycanın təhsil sistemi ilə tanış olmaq, STEAM layihəsi, STEAM-in Azərbaycan təhsil sistemində rolu və mövcud təhsil sisteminə inteqrasiyası barədə məlumat almaqdır.