ELM VƏ TƏHSİL
Qırğızıstanlı müəllim və şagirdlər Azərbaycanın təhsil sistemi ilə tanış olacaqlar
![Qırğızıstanlı müəllim və şagirdlər Azərbaycanın təhsil sistemi ilə tanış olacaqlar](/files/2022/3/1200x630/16708525963628756869_1200x630.jpg)
Bakı, 12 dekabr, AZƏRTAC
Qırğızıstanın təhsil müəssisələrinin müəllim və şagirdləri ölkəmizdə səfərdədir. 49 nəfərdən ibarət nümayəndə heyətinin tərkibinə 32 şagird, 17 təhsil işçisi daxildir. Onlar Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya Təhsil-Tərbiyə Kompleksinin və Nizami Gəncəvi adına 103 saylı məktəbin müəllim və şagirdləridir.
Bunu jurnalistlərə müsahibəsində Elm və Təhsil Nazirliyinin STEAM layihəsinin rəhbəri İqrar Nəzərov söyləyib. O bildirib ki, səfər çərçivəsində Qırğızıstan nümayəndə heyəti Azərbaycanın təhsil sistemi ilə tanış olacaq. Onlar üçün həm ənənəvi, həm də innovativ təhsil metodları ilə bağlı xüsusi proqram hazırlanıb. Proqrama STEAM layihəsi, STEAM-ın Azərbaycan təhsil sistemində rolu və mövcud təhsil sisteminə inteqrasiyası və s. daxildir. Birhəftəlik səfər çərçivəsində qonaqlar üçün günün birinci yarısında treninqlər təşkil olunacaq. Sonra isə həmin treninqlərin nəticəsi olaraq müxtəlif fəaliyyətlər, eyni zamanda, Bakının və ölkəmizin görməli yerləri ilə tanışlıq olacaq. Qeyd edək ki, Qırğızıstandan olan müəllim və şagirdlər bu gün Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını zıyarət ediblər.