Qızıl Qran-pri turnirinin final mərhələsində planetin ən güclü güləşçiləri iştirak edəcək
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 27-dən 29-dək Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə Qızıl Qran-pri beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Yarışlara hazırlaşan qadınlardan ibarət Azərbaycan milli komandasının noyabrın 24-də mətbuat üçün açıq məşqi keçirilib.
AZƏRTAC xəbər verir ki, qadın güləşçilərimiz mötəbər turnirə ciddi hazırlaşır. Son təlim-məşq toplanışı Olimpiya Güləş Mərkəzində keçirilir. Mətbuat üçün açıq məşqdə əsas komandanın idmançıları ilə birlikdə gənclərdən ibarət seçmənin üzvləri, habelə Ukrayna, Qazaxıstan, Rusiya və Kolumbiya güləşçiləri də iştirak edirlər. Azərbaycan Güləş Federasiyasının rəsmiləri hazırlıqların gedişi ilə yaxından maraqlanır. Qurumun baş katibi Əjdər Cəfərov məşqdən sonra media nümayəndələrinin suallarını cavablandırıb. Baş katib güləşçilərin hazırlıq prosesinin yüksək səviyyədə davam etdiyini bildirib.
Ə.Cəfərovun sözlərinə görə, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran-pri turniri Dünya Güləş Birliyinin təqvimində əsas yerlərdən birini tutur. Yarış 8-ci dəfə keçiriləcək. Turnirin tədricən dünya güləşi üçün əsas yarışlardan birinə çevrilməsi Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun əsas tapşırıqlarından biri idi. Federasiyanın birinci vitse-prezidenti Namiq Əliyevin də Dünya Güləş Birliyi ilə sıx əlaqədə olması və görülən işlər bəhrəsini verdi.
Baş katib əlavə edib ki, son illərdə Qızıl Qran-pri turnirində planetin ən güclü güləşçiləri iştirak edirlər. Burada hamı qalib olmaq istəyir. Bütün bunlar turnirin nüfuzundan xəbər verir. Bu dəfə format da fərqli olacaq. Belə ki, final mərhələsində dünya çempionatı, eyni zamanda, qitə çempionatlarında yüksək nəticələr göstərən idmançılar mübarizə aparacaqlar. Qırxdan çox ölkənin qatılacağı turnir üçün artıq iştirak ərizələri federasiyamıza ünvanlanıb. Siyahıda bir sıra dünya, Avropa və Olimpiya çempionları var.
Federasiya rəsmisi qeyd edib ki, öz növbəmizdə biz də əsas komandanın üzvlərini heyətə daxil etmişik. Bundan başqa, bəzi gənc, perspektivli güləşçiləri də sınaqdan keçirmək niyyətindəyik. Əlbəttə ki, komandanın qarşısına maksimum sayda medal qazanmaq tapşırığı qoyulub. Bir sıra güləşçilərimiz fərqli çəkidə çıxış edəcəklər. Bu isə Yay Olimpiya Oyunlarına hazırlıq mərhələsinin bir hissəsi kimi nəzərdə tutulub. Düşünürəm ki, turnir olduqca gərgin idman mübarizəsi şəraitində keçəcək. Xüsusilə qeyd etmək istərdim ki, Qızıl Qran-pri turniri bütün dünyanın və təbii ki, Azərbaycan güləşinin inkişafında əhəmiyyətli rol oynayır.