“Qobu Park” yaşayış kompleksində yaşayan məcburi köçkünlərə bayram sovqatı paylanıb YENİLƏNİB
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və "Azəriqaz" İslehsalat Birliyinin nümayəndələri Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” və “Ümid” yaşayış komplekslərində yaşayan məcburi köçkün ailələrinə bayram sovqatı paylayıblar.
AZƏRTAC xəbər verir ki, martın 18-də sosial müdafiəyə xüsusi ehtiyacı olan məcburi köçkün ailələrinin bayramı el adətlərinə uyğun keçirməsinə dəstək məqsədilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, "Azərişıq" və "Azəriqaz" tərəfindən birgə humanitar yardım aksiyası təşkil edilib.
Məcburi köçkünlərin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev onların sosial problemlərinin həllini dövlət siyasətinin prioritetlərindən biri elan edib və bununla əlaqədar məqsədyönlü tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyeva onlara xüsusi qayğı göstərilməsini, təhsil, sağlamlıq məsələlərini daim diqqətdə saxlayır.
Bildirilib ki, hazırda koronavirus xəstəliyinin qlobal pandemiyaya çevrilməsi ilə bağlı yaranmış fövqəladə şəraitdə respublikamızda əhalinin, o cümlədən məcburi köçkünlərin bu təhlükəli virusdan qorunması üçün kompleks tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinin, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi sosial izolyasiya tədbirlərinin icrası zəruridir, bu sahədə görülən işlərə hər bir vətəndaşın, bütün cəmiyyətin dəstəyi vacib şərtdir.
Daha sonra hər üç qurumun nümayəndələri “Qobu Park” və “Ümid” yaşayış komplekslərində yaşayan 2500-dən çox məcburi köçkün ailəsinə ərzaq məhsullarından ibarət bayram sovqatı paylayıb. Vurğulanıb ki, hər üç təşkilat daim onların yanında olacaq, belə görüşlər davamlı xarakter daşıyacaq.
Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, dövlətimizin gücü və qüdrəti sayəsində torpaqlarımızın işğaldan tezliklə azad ediləcəyinə, doğma Qarabağın hər yerində Novruz tonqallarının qalanacağına əminliklərini ifadə ediblər.