Qobustan Milli Tarix-Bədii Qoruğu ərazisindəki Kiçikdaş dağında geoloji araşdırmalar aparılmışdır
Bakı, 6 aprel (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları martın 31-də Qobustan Milli Tarix-Bədii Qoruğunun ərazisindəki Kiçikdaş dağında baş vermiş proseslərlə əlaqədar vizual geoloji araşdırmalar aparmışlar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Kiçikdaş dağı Aşağı Kür və Abşeron-Ceyrankeçməz çökəkliklərinin tektonik təmas zonasında mövcud olan Ələt-Ləngəbiz tirələr sisteminin kənar şərq hissəsində, Qaradağ rayonunun Qobustan qəsəbəsindən 2 kilometr şimal-qərbdə yerləşir.
İri qırışıqlıqlarla və yarğanlarla əhatə olunmuş terrasvarı quruluşa malik Kiçikdaş dağı ekzogen geoloji proseslərin baş verməsi nəticəsində zəif zədələnmiş sahədir. Zədələnmə əmsalı 0,1-dən azdır. Dağın ətəklərində yarğan eroziyası, səthi yuyulma və az dərəcədə sürüşməni xatırladan axma prosesləri mütəmadi olaraq fəallaşır.
Araşdırmalar zamanı müəyyən edilmişdir ki, Kiçikdaş dağının zirvəsindəki təqribən 14 hektar sahəyə malik peneplenləşmiş suayırıcının cənub-şərq hissəsi uzunluğu 150-180, eni 0,7-2,0, görünən dərinliyi 10-30 metr olan qırılma xətti ilə mürəkkəbləşmişdir. Struktur-denudasiya proseslərinin təsirindən, eləcə də 2012-ci ilin yanvar-mart aylarında yağan yağıntıların təsirindən Kiçikdaş dağının tağ hissəsini təşkil edən və görünən qalınlığı 30 metrə qədər olan əhəngdaşı layı müxtəlif ölçülü qaymalara parçalanaraq yamac boyu cənub-şərq istiqamətində hərəkət etmişdir.
Prosesin bu intensivliklə davam etməsi Kiçikdaş dağının aşağı yamacındakı qayaüstü rəsmlər və qədim mağaralar üçün fəsadlar yarada bilər. Bununla əlaqədar nazirliyin əməkdaşları aidiyyəti qurumlara tövsiyələr vermişlər.