MƏDƏNİYYƏT
Qobustanda “Hindistan mədəni irsinin inciləri” adlı sərgi açılıb





Bakı, 28 iyul, AZƏRTAC
Qobustan Milli Tarix- Bədii Qoruğunun və Hindistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Qobustanda “Hindistan mədəni irsinin inciləri” adlı sərgi açılıb.
Qobustan Milli Tarix- Bədii Qoruğundan AZƏRTAC-a bildirilib ki, sərgi Hindistanın zəngin mədəni irsini Azərbaycanda tanıtmaq və iki ölkənin mədəni irsin təbliği sahəsində əlaqələrini inkişaf etdirmək məqsədi daşıyır.
Tədbirdə Qobustan Milli Tarix- Bədii Qoruğunun direktoru Vüqar İsayev iki ölkə arasındakı əlaqələrdən danışıb. Hindistanın 2022-ci ildə müstəqilliyinin 75 illik yubileyinin keçirəcəyini, Hindistan hökuməti və xalqının bu mühüm tarixi nailiyyətin qeyd edilməsinə bu ildən start verdiyini bildirən Vüqar İsayev Qobustan Milli Tarix- Bədii Qoruğunun da öz növbəsində Hindistanın müstəqilliyinin 75-ci ildönümü münasibətilə təşkil olunacaq tədbirlərə Qobustanda “Hindistan mədəni irsinin inciləri” adlı sərgi ilə töhfə verdiyini qeyd edib. Bu sərginin iki ölkə arasındakı mədəni irsin təbliği sahəsində əlaqələrin daha da genişlənməsinə təkan verəcəyinə inamını ifadə edib.
Hindistanın müstəqilliyinin 75 illiyi, əslində “Azadi ka Amrut Mahotsav" adlı bir təşəbbüs altında, mütərəqqi Hindistanın 75 ilini və xalqının şərəfli tarixini, mədəniyyətini və qazandığı uğurları qeyd etmək üçün bir festival olduğunu söyləyən Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Qobustanda açılan bu sərgini Hindistan xalqının və mədəniyyətinin şərəfli tarixinin təntənəsi kimi təqdim edib. Diplomat, həmçinin sərginin Hindistanın zəngin mədəni irsini Qobustana gələn qonaqlara təqdim edəcəyini və ölkələrimiz arasında mövcud olan ortaq zəngin mədəni irsimiz arasında bağlantı rolunu oynayacağını bildirib.
Səfiri Qobustanın Hindistanın ən məşhur tarixi abidə və məkanlarının bəzilərinin nümayiş olunduğu 16 şəkil plakatından ibarət sərgi üçün çox uyğun bir məkan olduğunu bildirib. O, sərginin məşhur Tac-Mahal, Qırmızı Qala və Cənubi Hindistanın məbədləri və s. kimi məkanları əhatə etdiyini və Qobustan kimi bu abidələr və məkanların da Hindistanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş 40 məkanı sırasında olduğunu vurğulayıb.
Səfir ötən illər ərzində Hindistanın dünyanın iqtisadi inkişafına əhəmiyyətli şəkildə töhfə verdiyini diqqətə çatdırıb və bildirib ki, ölkəsinin kənd təsərrüfatı sektorunda əldə etdiyi əhəmiyyətli inkişaf, əczaçılıq və informasiya texnologiyaları sektoru da daxil olmaqla elm və texnologiya sahəsində irəliləyişi Azərbaycan da daxil olmaqla dünya dövlətləri tərəfindən müsbət qarşılanır. O, Hindistanın dünya ölkələrində sayı 30 milyondan çox olan diaspora nümayəndələrinin bir çox sahələrdə uğurlar əldə etdiyini və yaşadıqları cəmiyyətə müsbət töhfələr verdiyini söyləyib.
Mədəni irsin hər bir xalqın, dövlətin tarixinin elmi cəhətdən öyrənilməsi işində mühüm mənbələrdən biri olduğunu qeyd edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi Ağacavid Ramazanov sərgini mədəniyyət və incəsənətində zəngin dəyərlərə malik olan Hindistanla mədəni yaxınlıq və bu sahədə əməkdaşlıq baxımından yüksək qiymətləndirib.
Sonra qonaqlar Hindistanın tarix və mədəniyyət abidələrini əks etdirən videoçarxa baxıblar.
Sərgi Hindistan milli musiqisinin sədaları altında Azərbaycan milli şirniyyatları və Hindistanın milli mətbəxinə aid təamlardan ibarət furşetlə sona çatıb.
Sərgi avqustun sonunadək davam edəcək.