Qobustanda ötən ilin yekunları və qarşıda duran vəzifələr geniş müzakirə olunub
Qobustan, 18 fevral, AZƏRTAC
2019-cu il Qobustan rayonu üçün əlamətdar olub. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bölgəyə səfəri, səfər çərçivəsində beşmərtəbəli, 50 yerlik müasir xəstəxana binasının, xalçaçılıq emalatxanasının, regional yun qəbulu və boyaq bitkilərinin tədarükü məntəqəsinin, 5 min nəfərdən çox əhalisi olan, 6 yaşayış məntəqəsini birləşdirən 14,5 kilometrlik Qobustan-Poladlı yolunun açılışında iştirakları sakinlər tərəfindən minnətdarlıqla qarşılanıb. Səfərdən dərhal sonra Prezidentin Sərəncamı ilə 2,2 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən 13 kilometrlik Ərəbqədim-Göydərə yolunun çəkilişi, 360 şagird yerlik Sündü kənd tam orta məktəbinin, istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan 6 ədəd ikimərtəbəli 8 mənzilli yaşayış binasının yerinə 48 mənzilli yeni yaşayış binasının tikintisi üçün, ümumilikdə, ilkin olaraq 7 milyon manat vəsait ayrılıb. Bu il həmin obyektlər istifadəyə veriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məlumatlar Qobustanda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda səsləndirilib. Yığıncaqdan əvvəl rayon rəhbərliyi və qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Sonra rayonda istehsal olunan məhsulların sərgisi ilə tanış olublar.
Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədovun hesabat məruzəsində, eləcə də müzakirələrdə qeyd edilib ki, 2019-cu ildə ümumi məhsul buraxılışının həcmi 2018-ci illə müqayisədə 8,7 faiz artaraq 194212 min manata çatıb. Ötən illə müqayisədə sənaye məhsulunun ümumi həcmi 30,4 faiz, kənd təsərrüfatı məhsulunun həcmi 8,6 faiz, tikinti sektoru üzrə 52,8 faiz artım olub.
Qeyd olunub ki, rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Keçən il 78 min 548 ton taxıl istehsal edilib ki, bu da rayon üzrə rekord göstəricidir. Rayonda 1000 hektar sahədə aqropark yaradılır. Aqroparkda hazırda 200 başlıq ətlik istiqamətdə maldarlıq üçün tövlənin tikintisi davam etdirilir. Aqroparka suvarma suyunun çəkilməsi üçün layihə-smeta sənədləri hazırlanıb, yaxın vaxtlarda icrasına başlanılacaq. Suvarma təşkil olunduqdan sonra burada məhsuldarlığı 45-50 sentnerə çatdırmaq mümkün olacaq.
Hesabat ilində kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda da uğurla nəticələr qazanılıb. Belə ki, 2018-ci ilə nisbətən ət istehsalı 89,1 ton, süd istehsalı 439 ton, yumurta istehsalı 145 min ədəd, yun istehsalı 2 ton artıb.
Məruzə və çıxışlarda əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı, su təchizatı ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr geniş təhlil olunub.
Prezident Administrasiyasının məsul işçisi Nəsir Muxtarlı yığıncaqda çıxış edərək, qarşıda duran vəzifələrdən danışıb.
Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunub.