SİYASƏT
Qriqori Karasin: Bu sərgi Moskvaya, Sankt-Peterburqa da gətirilməlidir
Bakı, 10 may, AZƏRTAC
Bu əlamətdar gündə - Heydər Əliyevin 95 illiyində Bakıda olmaq çox xoşdur. “Heydər Əliyev: Şəxsiyyət, Missiya, İrs” tarixi-sənədli sərgisindəki çoxsaylı sənədlər, fotolar Azərbaycan xalqının ümummilli liderinin necə qeyri-adi şəxsiyyət olduğunu, keçdiyi zəngin həyat yolunu, müasir Azərbaycanı necə qurduğunu əyani şəkildə göstərir. Bu cür sərgilər, əlbəttə, çox olmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Heydər Əliyev Mərkəzində təşkil olunan “Heydər Əliyev: Şəxsiyyət, Missiya, İrs” tarixi-sənədli sərgisində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Qriqori Karasin jurnalistlərə müsahibəsində deyib. Bildirib ki, bugünkü təcrübə cəmiyyətin bu qəbildən - kifayət qədər akademik xarakterli tədbirlərə, o cümlədən sərgilərə marağının gündən-günə artdığını göstərir. Yeri gəlmişkən, bu, təkcə Azərbaycana aid deyil. Belə sərgilərə Rusiya Federasiyasında da maraq artır. Zənnimcə, bu sərgi bizə də - Moskvaya, Sankt-Peterburqa, ola bilsin, Rusiya və Azərbaycana qonşu regionlara da gətirilməlidir ki, bu görkəmli şəxsiyyətin həyatına dair fotoları və sənədləri insanlar öz gözləri ilə görə bilsin, onun həyatı ilə tanış ola bilsinlər. Təşkilatçılara bir daha “çox sağ ol” deyirəm. Bu cür sərgi və tədbirlər ümumi tarixi olan və əminəm ki, gələcəyi də birgə olacaq xalqlarımızı daha da yaxınlaşdıracaq.
Qriqori Karasin jurnalistlərin Rusiyanın Xəzərdə Azərbaycan ilə əməkdaşlığına dair sualını belə cavablandırıb: “Hazırda yüksək ekspert səviyyəsində intensiv iş gedir. İstəyirik ki, Xəzəryanı dövlətlərin avqust ayına planlaşdırılan sammitində Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalansın. Bu, qarşıdan gələn onilliklərdə bizim - beş Xəzəryanı dövlətin Xəzərdə iqtisadi, ekoloji və digər sahələrdə nə edəcəyimizi əvvəlcədən müəyyənləşdirəcək. Bu, konfrontasiya küləklərinin zaman-zaman əsdiyi bir dövrdə Xəzəryanı beşliyin mürəkkəb məsələlərin həllinə konstruktiv yanaşmağa, konvensiya imzalamağa və irəli getməyə qadir olması baxımından beynəlxalq birliyə nümunə olacaq”.