Quba-Qonaqkənd avtomobil yolu yenidən qurulub
Bakı, 7 dekabr, AZƏRTAC
Uzunluğu 46 kilometr olan 68 min əhalinin yaşadığı və 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulması işləri yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, avtomobil yolu III və IV texniki dərəcəyə uyğun yenidən qurulub. Müvafiq olaraq yolun torpaq yatağı 12 və 10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil edir.
Layihə çərçivəsində yolboyu 46 ədəd müxtəlif diametrli metal, azbest və dəmir-beton suötürücü borular quraşdırılaraq izolyasiya olunub. Bundan başqa, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol əsasının tikintisi və asfalt-beton örtüyün salınması işləri aparılıb. Bunun üçün yol əsasının alt və üst layı 45 və 16 santimetr hündürlükdə qum qırmadaş və optimal qum-çınqıl qarışığı ilə tikilib. Əlaqələndirici bitum səpilməklə yola iri və xırda dənəli olmaqla yeni asfalt-beton qarışığı döşənib.
Avtomobil yolunun Təngəaltı kəndi ərazisində, sıldırım qayalıqlar arasından keçən hissəsinin genişləndirilməsi işləri aparılıb. Yolun genişləndirilməsi işləri Quba-Qonaqkənd yolunun 29-30-cu kilometrlik hissəsini əhatə edib. Çayda bənd vurulması və qayaların çapılması hesabına yolun hərəkət hissəsi 4 metrdən 10 metrədək genişləndirilib.
Layihə çərçivəsində yolun 35, 36 və 41-ci kilometrlik hissəsində kiçik dağ çayları üzərində hər birinin uzunluğu 26 və 27 metr olan 1 aşırımlı 3 körpü, həmçinin yolun 43 və 46-cı kilometrlik hissəsində Babaçay və Cimiçay üzərində müvafiq olaraq 126 və 80 metr uzunluğa malik yeni körpülər inşa edilib. Hər iki körpünün ətrafında 280 və 160 metr uzunluğunda su nizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarları tikilib.
Quba rayonunun Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrini əhatə edən layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolboyu yol nişanları quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb.
Sözügedən yolun yenidən qurulması yolboyu yaşayan əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradır, rayonun turizm imkanlarını genişləndirir.