Qubada avtoxuliqanlıq edən şəxslər həbs olundu VİDEO
Quba, 18 noyabr, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücüləri saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayon sakinləri Nurlan Saruxanov və İbrahim Miridov özlərinə məxsus “VAZ 2107” və “VAZ 2106” markalı avtomobillərlə avtoxuliqanlıq hərəkətləri edib və çəkilən videoları sosial şəbəkələrdə yerləşdiriblər.
Hər iki şəxs barəsində RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər 15 gün müddətində inzibati qaydada həbs olunublar.