Qubada festivalda innovativ məhsul və texnologiyalar nümayiş etdirilib VİDEO
Quba, 2 fevral, Elxan Yusifli, AZƏRTAC
Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun ərazisində bu ilin ilk innovasiya festivalı təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalda kənd təsərrüfatı məhsulları istehsalçıları üçün intensiv bağçılıq avadanlıqları, müasir texnologiyalar əsasında əldə olunan əkin materialları, suvarma sistemləri və alternativ enerji mənbələri ilə çalışan su nasosları, soyuducu kamera, zərərvericilərə qarşı mübarizə vasitələri, yem konteyneri, aqrodron, aqrorobot, həmçinin alternativ yem bitkiləri kimi çoxçeşidli innovativ məhsul və avadanlıqların təqdimatı olub.
Bundan əvvəlki təqdimatlardan fərqli olaraq bu festivalda digər iştirakçılarla yanaşı, AMEA-nın Elm və Texnologiya Parkı MMC, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və 10-a yaxın yerli şirkət öz innovativ məhsul və texnologiyalarını nümayiş etdirib.
Mütəxəssislər tərəfindən festival iştirakçılarına tərkibi qida maddələri ilə zəngin olan kinoa, amarant, xaşa, sorqo, yonca, reiqras, raps bitkiləri, biohumus, torpaq frezi, smart arı yeşiyi, sublimator, “smart moles” sensoru, “NF010” və “qızılquş” dronları, tütün və meyvəqurudan texnikaları barədə ətraflı məlumat verilib.
İştirakçılar tərəfindən maraqla qarşılanan festivalın ölkənin digər regionlarında da davam etdirilməsi nəzərdə tutulur.