Qubada oğurluq edən şəxslərin üzərindən narkotik aşkarlandı VİDEO
Quba, 24 noyabr, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri silsilə əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Xəyyam Mirişov, Sumqayıt şəhər sakinləri Həsənalı Piriyev, Şamxal Köçərli və Salyan rayon sakini Emin Muradov saxlanılıblar. Sözügedən şəxslər rayonun Barlı kəndində yerləşən “Qazax sement zavodu”nun qum-çınqıl karxanasından, texnikalara aid ehtiyat hissələri oğurladıqlarını etiraf ediblər. Həmin şəxslərin üzərinə və E.Muradovun avtomobilinə baxış keçirilən zaman bükülülərdə heroin, marixuana aşkar edilərək götürülüb.
Keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Tamerlan Məmmədov saxlanılıb. Həmin şəxsin tanışına məxsus avtotəmir obyektindən müştəriyə məxsus “Mercedes” markalı avtomobilin hissələrini oğurladığı müəyyən olunub.
Faktlarla bağlı RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.