Qubada şəhid Ömər Mustafayevin adını daşıyan park istifadəyə verilib VİDEO
Quba, 14 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qubanın Amsarqışlaq kəndində Vətən müharibəsi şəhidi Ömər Mustafayevin adını daşıyan park və bulaq kompleksi istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1200 kvadratmetr sahəsi olan parkda 50-dən çox ağac əkilib, yaşıllıq zolağı salınıb, oturacaqlar və uşaqlar üçün attraksionlar quraşdırılıb. Parka içməli su xətti çəkilib, bulaq inşa edilib, ərazidə işıqlandırma sistemi qurulub.
Şəhid Ömər Mustafayevin adını daşıyan küçədə inşa olunan parkın açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
Mərasimdə Vətən uğrunda canından keçən igid oğullarımızın xatirəsi yad edilib, şəhid Ömər Mustafayevin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan bəhs olunub.
Ömər Əbdül oğlu Mustafayev Vətən müharibəsinə könüllü yollanıb. 22 yaşlı döyüşçü Füzuli, Cəbrayıl və Hadrut döyüşlərində iştirak edib. Xocavənd istiqamətində gedən ağır döyüşdə şəhidlik zirvəsinə ucalıb. Qəhrəman döyüşçü ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.